İSTİSMAR FƏALİYYƏTİ QRAFiKƏ UYĞUN HƏYATA KEÇİRİLİR

Image

Enerjisistemdə həyata keçirilən nəhəng layihələr bir tərəfdən ölkənin iqtisadi qüdrətindən xəbər verirsə, digər tərəfdən bu, dövlətin öz vətəndaşlarına göstərdiyi böyük qayğının təzahürüdür. Prezident İlham Əliyevin sərəncamı ilə tikilib istismara verilən “Astara Elektrik Stansiyası” cənub bölgəsinin əhalisi üçün böyük töhfədir. Bölgəyə nur paylayan bu generasiya gücü hazırda regionun elektrik enerjisinə olan tələbatını tam ödəyir, yeni sənaye obyektlərinin açılması üçün şərait yaradır. Stansiya fəaliyyətə başladıqdan sonra regionun elektrik enerjisilə təminatında müsbət dəyişikliklər müşahidə olunub, elektrik enerjisinin verilişində məhdudiyyətlər tamamilə aradan qaldırılıb.

Hazırda stansiyanın istismar fəaliyyəti qrafikə uyğun həyata keçirilir, avadanlıqlar normal fəaliyyət göstərir.

Stansiyadan “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin 5 ayı ərzində burada 131 milyon kilovatsaatdan çox elektrik enerjisi istehsal olunub. O cümlədən, bu ilin may ayında stansiyada 24 mil­yon kilovatsaat elektrik enerjisi istehsal edilib.

Qeyd edək ki, cari ilin payız-qış mövsümündə də bölgə əhalisinin və iqtisadiy­yatının fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi, stansiyada avadanlıqların keyfiyyətli təmirinin təşkil olunması, enerji istehsalı üzrə verilmiş plan tapşırıqlarının yerinə yetirilməsi məqsədilə “Astara Elektrik Stansiya­sı”nda 2012/2013-cü illərin payız-qış mövsümünə hazırlıq tədbirləri hazırlanıb. Tərtib edilmiş tədbirlər planına uyğun olaraq, cari ilin 5 ayında növbəti təmir vaxtı çatmış  1,2,4,7,9 və 10 saylı aqreqatlarda  texniki qulluq işləri başa çatdırılıb. Payız-qış mövsümündə stansiyanın dayanıqlı işləməsinin təmin edilməsi məqsədilə tələb olunan qədər sürtgü yağlarının və kim­yəvi reagentlərin ehtiyatı yaradılıb.

Mənbəyə istinadən onu da qeyd edək ki, yay mövsümünün girməsi ilə əlaqədar stansiyada yan­ğına qar­şı təhlükəsizlik tədbirləri gücləndirilib. Bununla bağlı müntəzəm olaraq stansiyanın və 11/110 kV-lik yarımstansiyanın ərazisi quru otlardan təmizlənib, ilkin yanğınsöndürmə vasitələrinə baxış keçirilib və aşkar edilmiş nasazlıqlar aradan qaldırılıb. Stansiyada yanğın təhlükəsizliyini təmin etmək məqsədilə müntəzəm olaraq yanğın təhlükəli obyektlərə baxış keçirilir və aşkar edilən ən xırda nasazlıqlar belə, dərhal aradan qaldırılır. Xüsusilə isti keçən günlərdə stansiyada yanğın təhlükəsizliyinə cavabdeh şəxslərin gündüz vaxtlarında növbətçiliyi təşkil edilib.