KEYFIYYƏT VƏ DAYANIQLIQ DAHA DA ARTIRILIR

Image

“Abşeron Regional Elektrik Şəbəkəsi”nin xidməti ərazisində istismar səviyyəsinin daha da yaxşılaşdırılması, dayanıqlığın artırılması istiqamətində görülən işlər davam etdirilir. Şəbəkədən aldığımız məlumatda bildirildi ki, aparılan tədbirlər, əsasən, yarımstansiya və elektrik verilişi xətlərini əhatə edir. Görülən işlər arasında keçən ildən start veriləni, cari ilin iş planına daxil ediləni də var.

Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, 220 kilovoltluq “Səngəçal” yarımstansiyasında yağ açarları, cərəyan transformatorları və digər avadanlıqlar yeniləri ilə əvəz olunub. Bu yarımstansiyanın texniki imkanlarının artırılması ora yeni güclərin qoşulması ilə əlaqədardır. Bunlara nümunə olaraq Heydər Əliyev adına Dərin Özüllər Zavodunu, Qaradağ Sement Zavodunu və “Xocahəsən” yarımstansiyasını göstərmək olar. Hazırda “Səngəçal” yarımstansiyasının 110 kV-lik hissəsində yenidənqurma işləri davam etdirilir.

Eyni zamanda, “Puta” yarımstansiyasında da yenidənqurma tədbirləri reallaşdırılıb. Burada olan mövcud 40 MVA-lıq transformator 63 MVA-lıqla dəyişdirilməklə gücü artırılıb. Bu da həmin yarımstansiyaya yeni güclərin qoşulmasından irəli gəlir. Qeyd edək ki, “Əhmədli” yarımstansiyasının açıq paylayıcı quruluşunda istismar səviyyəsinin daha da yaxşılaşdırılması məqsədilə əvvəllər istifadə olunan yağ açarlarının eleqaz açarlarla əvəz olunması ilə yenidənqurma işləri davam etdirilir. “8-ci kilometr” yarımstansiyasının 110 kV-lik hissəsində yenidənqurma yekunlaşıb, 10 kV-lik qapalı paylayıcı quruluşda isə işlər davam etdirilir. Yeri gəlmişkən, «Pirallahı» yarımadasının elektrik enerjisi təchizatında xüsusi rolu ilə seçilən 110 kV-lik “Dübəndi” yarımstansiyasının 110 kV-lik hissəsinin də tam yenidən qurulması planlaşdırılır. Görülən işlərə həm transformatorların gücünün artırılması, həm də yağ açarlarının eleqaz açarları ilə dəyişdirilməsi daxildir. “Suraxanı” yarımstansiyasında da avadanlıq­ların yeniləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər icra edilməkdədir.

Müasir tipli 220 kV-lik “Zabrat” yarımstansiyasının 220 kV-lik tərəfinin artıq keçən ildən istismara verildiyini deyən mənbə bildirdi ki, cari ilin əvvəlindən isə onun 110 kV-lik tərəfində də hər birinin gücü 180 MVA olan 2 transformator sxemə salınaraq işə qoşulub. Həmçinin çıxış xətləri mövcud 110 kV-lik xətlərlə əlaqələndirilib.  Bu da öz növbəsində sisteməhəmiyyətli “Hövsan” ya­rımstansiyasının yükünün təxminən yarıbayarı azalmasına şərait yaradıb.

Hazırda  220 kV-lik “Böyük şor” yarımstansiyasının tikintisi aparılır. Yarımstansiya  respublikamızda olan analoqlar arasında spesifikliyi ilə seçiləcək. Belə ki, bu yarımstansiya bütün stansiya və yarımstansiyalarla əlaqələndiriləcək. Bununla da enerjisistemin dayanıqlığı daha da güclənəcəkdir. Onu da qeyd etmək yerinə düşərdi ki, bu yarımstansiyada artıq hər birinin gücü 250 MVA olan 3 avtotransformator quraşdırılıb və tamamlama işləri icra edilməkdədir. Gələcəkdə bu yarımstansiyanın yaxınlığında yeni elektrik stansiyasının inşa olunması onun texniki imkanlarını daha da artırmış olacaq. Eyni zamanda, layihənin peallaşdırılması hazırda Bakı şəhərinin elektrik enerjisi təchizatının əsas hissəsini təmin edən “Xırdalan” yarımstansiyasının yükünün də gələcəkdə xeyli azaldılmasına səbəb olacaqdır.