YENİDƏNQURMA İŞLƏRİ APARILIB
Naftalan nefti ilə müalicə üçün burada fəaliyyət göstərən müalicəxanalara istər respublika daxilindən, istərsə də MDB məkanından və xarici dövlətlərdən hər il çoxlu sayda xəstə müraciət edir. Təbii ki, müstəqil dövlətimizin xidmətlərindən istifadə edənlərin öz ölkələrinə razı qayıtmaları üçün enerji şəbəkəsi də normal fəaliyyət göstərməlidir.
Yola saldığımız 2014-cü ili də “Naftalan Elektrik Şəbəkəsi” üçün də uğurlu saymaq olar. «Mingəçevir REŞ» MMC-nin struktur tərkibinə daxil olan bu şəbəkədə son illər əsaslı yenidənqurmaya imza atılıb. Elektrik enerjisindən istifadə qaydalarının tələblərinə əməl edilməklə istehlakçılara keyfiyyətli və fasiləsiz elektrik enerjisi verilib.
Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumatda belə qeyd edilir və o da bildirilir ki, 110 kV-lik “Naftalan” yarımstansiyasında qurğu və avadanlıqların, xətlərin uzunömürlüyünü və dayanıqlığını artırmaq üçün daim profilaktiki işlər həyata keçirilir. Mövsüm üçün nəzərdə tutulan tədbirlər planı tam yerinə yetirilib.
“Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində 2013-cü illə müqayisədə istehlak edilmiş elektrik enerjisinin dəyərinin ödənişində dinamik artım qeydə alınmışdır”,- deyən mənbə onu da qeyd etdi ki, ötən ilin dekabr ayında müəssisə üzrə 1,4 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. Bu da 2013-cü ilin müvafiq dövründəki istehlakla müqayisədə 24 min kilovatsaata yaxın çoxdur. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 18 min kilovatsaata yaxın artaraq 376 min kilovatsaat olmuşdur. Onu da qeyd edək ki, 2014-cü il ərzində müəssisə üzrə istehlak 2013-cü illə müqayisədə 2,6 milyon kilovatsaata yaxın artaraq 16 milyon kilovatsaata yaxın olmuşdur. İstehlak edilmiş elektrik enerjisinin dəyərinin ödənişi isə 2013-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə mütləq 17 faiz artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə istehlak 2013-cü illə müqayisədə 345 min kilovatsaata yaxın artaraq 3,9 milyon kilovatsaata yaxın olmuşdur. Ödəniş isə 2013-cü illə müqayisədə mütləq 8 faizə yaxın artmışdır. “Elekrtik enerjisindən qeyri-qanuni istifadə edən abonentlərə qarşı aparılan mübarizə tədbirləri dinamik xarakter kəsb edir. Belə halların müşahidə olunduğu şəxslər (əsasən, qeyri-əhali qrupu abonentlərində bu cür hallar baş verir) haqqında akt tərtib edilir və ödənişə cəlb olunurlar” – deyən mənbə onu da bildirdi ki, ötən il ərzində müəssisənin xidməti ərazisində həyata keçirilmiş reydlər zamanı 8 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntularına əsasən tərtib edilmiş aktlar üzrə müvafiq qaydada hesabatlar aparılaraq 64 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 3,9 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat dövründə həmin bu məbləğlə yanaşı 2013-cü ildən aktlara görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilmişdir.
Sonda onu da qeyd edək ki, “Naftalan” EŞ-in kollektivi cari ilin ilk ayından yüksək əhval-ruhiyyə ilə işə başlayıblar. Onlar daha yüksək keyfiyyətli xidmət göstərməyi qarşılarına məqsəd qoyublar.