TƏMİR İŞLƏRİ DAVAM ETDİRİLİR
Respublikamızın əsas strateji bölgələrindən sayılan cənub bölgəsinin elektrik enerjisinə olan tələbatının ödənilməsində mühüm rol oynayan “Şirvan Regional Elektrik Şəbəkəsi”ndə (REŞ) texniki göstəricilərin daha da dayanıqlı olmasının təmin edilməsi, ötürücü qurğularda əsaslı və cari təmir işlərinin yerinə yetirilməsi, itkilərin azaldılması bu müəsissənin energetiklərinin ən mühüm vəzifələrindən biridir.
Sözügeən REŞ-in tabeliyində olan Hacıqabul Elektrik Şəbəkəsindən (EŞ) “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, müəssisənin xidməti ərazisində istehlakçıların elektrik enerjisi təchizatının keyfiyyətinin və dayanıqlığının daha da artırılması məqsədilə yenidənqurma tədbirləri çərçivəsində 1,3 kilometrə yaxın kabel xətti çəkilmiş və 6,5 kilometrə yaxın xəttdə isə təmir işləri aparılmışdır.
Qeyd edək ki, yenidənqurma işləri ilə bağlı iki ədəd transformator məntəqəsi (TM) quraşdırılmış, 91 ədəd TM-də təmir işləri aparılmışdır. Eyni zamanda ümumi gücü 2,33 MVA olan 11 ədəd transformator əsaslı təmir olunmuşdur.
Neftçala EŞ-dən əldə edilən məlumata görə, burada həyata keçirilən yenidənqurma və təmir işləri çərçivəsində 10, 6 və 0,4 kV-lik xətlərin ümumilikdə 50 kilometrə yaxın hissəsində müxtəlif təyinatlı təmir işləri aparılmışdır.
Onu da qeyd edək ki, təmir işləri sözügedən müəssisənin balans mənsubiyyətinə aid olan TM-lərdən də yan keçməmişdir. Belə ki, burada 140-dan artıq TM-də müxtəlif təyinatlı təmir işləri aparılmış, ümumi gücü 3,5 MVA-ya yaxın olan 20 ədəd transformator əsaslı təmir olunaraq istehlakçıların ixtiyarına verilmişdir.
Sonda onu da qeyd edək ki, digər EŞ-lərdə olduğu kimi, sözügedən EŞ-lərin də balans mənsubiyyətinə aid olan EVX və TM-lərdə yenidənqurma və təmir işləri davam etdirilir.