2011-Cİ İLDƏ 20 MİLYARD KİLOVATSAATA YAXIN ELEKTRİK ENERJİSİ İSTEHSAL EDİLİB
2011-ci ilin 12 ayı ərzində ölkə enerjisistemində 20 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir. Göstərilən həcmdən istilik elektrik stansiyalarının (İES) payına 17,3 milyard kilovatsaatdan artıq, su elektrik stansiyalarının (SES) payına isə 2,7 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsalı düşür.
Bu barədə “Azərenerji” ASC-nin Mətbuat xidmətinə Səhmdar Cəmiyyətin Mərkəzi Dispetçer İdarəsindən məlumat verilib.
Bununla yanaşı, il ərzində - Rusiya Federasiyası, İran, Türkiyə və Gürcüstan qonşu dövlətləri ilə elektrik enerjisi mübadiləsi davam etdirilmişdir.
Mənbənin bildirdiyi digər bir məlumata görə, 2011-ci ilin dekabr ayında 2,1 milyard kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib ki, bu həcmdən də 1,9 milyard kilovatsaatdan çoxu İES-lərin, 0,2 milyard kilovatsaata yaxını isə SES-lərin payına düşür.