ŞƏBƏKƏLƏRİN YENİLƏŞDİRİLMƏSİ NƏZƏRDƏ TUTULUR
Respublikamızın şimal bölgəsinin elektrik enerjisinə olan tələbatının lazımi səviyyədə təmin olunmasında “Xaçmaz Regional Elektrik Şəbəkəsi”nin (REŞ) tabeliyində olan elektrik şəbəkələrinin özünəməxsus yeri və rolu var.
REŞ-dən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, keçən ilin sonlarından başlayaraq havaların olduqca sərt keçməsi, digər energetika təsərrüfatları kimi, bu müəssisədə çalışan energetikləri də sınaqla üz-üzə qoymuşdu.. Buna baxmayaraq, müəssisədə cəmləşmiş çoxlu sayda yüksək peşəkarlıq qabiliyyətinə malik olan energetiklər baş verə biləcək hadisələrin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görmüşdülər. Ümumilikdə isə elektrik enerjisinə olan tələbatın proqnozlaşdırıldığından dəfələrlə çox olmasına, sərfiyyatın artmasına baxmayaraq, şimal bölgəsinin enerji təchizatında bəzi açılma halları istisna olmaqla, nəzərəçarpacaq dərəcədə ciddi problemlər müşahidə edilməyib. Yalnız 6-10 kilovoltluq xətlər üzrə müəyyən açılmalar müşahidə edilsə də, sözügedən gərginlikdən daha yüksək gərginlikli xətlər və yarımstansiya avadanlıqlarında belə hallar baş verməyib. Bunun da başlıca səbəblərindən biri REŞ-in tərkibinə daxil olan bütün şəbəkələrdə keçən ilin yaz-yay aylarında istismar səviyyəsinin daha da yüksəldilməsi üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi olub.
Qeyd edək ki, 110 kilovoltluq "Siyəzən" yarımstansiyasında 31,5 MVA-lıq II transformatorun 6 kV-lik giriş yağ açarı vakuum açarla əvəz olunub. Eləcə də 25 MVA-lıq I transformatorun 110 kV-lik MKP-110 açarı müasir tipli eleqaz açarla dəyişdirilib. Cərəyan transformatoru yeniləşdirilib, həmçinin, I transformatorun birinci sistemşininin 110 kV-lik şin ayırıcısı da təzələnib.
Yeri gəlmişkən, REŞ-in xidməti ərazisinə daxil olan şəbəkələrin yenidən qurulması da gündəlikdə duran məsələlərdəndir. Bu məqsədlə ilin əvvəlindən REŞ-də 35 kV-lik və ondan aşağı gərginlikli şəbəkələrdə yenidənqurma işlərinə aid hazırlıq məqsədilə zəruri işlərin görülməsi üçün siyahıların hazırlanmasına başlanılıb. Bütün bölgə üzrə bu istiqamətdə lazımi işlər həyata keçirilib. Regiondakı güc mərkəzlərinin - 35 kV-lik yarımstansiyaların, xətlərin, həmçinin, rayon mərkəzlərində, insanların sıx məskunlaşdıqları ərazilərdə bütün 6-10 kV-lik şəbəkənin SİP kabel xətləri ilə əvəz olunması, və qabaqcadan ödənişli smart-kart tipli kartların quraşdırılması üçün lazımi sənədlər hazırlanmışdır. Yaxın zamanlarda bu işlərin icrasına başlanması nəzərdə tutulur. Şəbəkə üzrə ən ucqar kəndlərin belə enerji təchizatının daha da yaxşılaşdırılması nəzərdə tutulur.
Onu da qeyd etmək yerinə düşərdi ki, şəbəkənin balansında olan 110 kV-lik hissə üzrə də bir sıra layihələrin həyata keçirilməsi planlaşdırılır. Belə ki, məlum olduğu kimi, isti yay günlərində bu bölgəyə güclü turist axını müşahidə olunur. Bu da bölgədə iri enerjitutumlu obyektlərin qurulması zərurətini ortaya qoyur. Onların normal elektrik enerjisi ilə təchiz edilməsi üçün Nabran qəsəbəsi ərazisində 110 kilovoltluq yarımstansiyanın tikilməsi, III "Xaçmaz" hava xəttinin "Yalama" yarımstansiyasına qədər uzadılması, III-IV "Xaçmaz" xətlərinin ikidövrəli çəkilməsi nəzərdə tutulur. Bu məqsədlə artıq layihələndirmə işləri aparılmaqdadır. Bu tədbirlər çərçivəsində "Xudat" və "Yalama" yarımstansiyalarında da yenidənqurma işlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Sonda onu da qeyd edək ki, müəssisə üzrə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına da ciddi əməl olunur. Xidməti ərazinin fərqli iqlimə və relyefə malik olması istismar heyəti üçün müəyyən risklərlə müşahidə edilir. Bunu nəzərə alaraq, istənilən əməliyyatın həyata keçirilməsindən qabaq texniki heyət təlimatlandırılır və işçilər lazımi mühafizə dəstləri ilə təmin olunurlar. Qeyd edilənlər isə öz növbəsində iş zamanı istənilən arzuolunmaz hadisələrin qarşısını almağa müsbət təsirini göstərir.