“MİNGƏÇEVİR SES SİLSİLƏSİ”NİN DAYANIQLIĞI DAHA DA MÖHKƏMLƏNDİRİLİR

Image

İstehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunmasında su elektrik stansiyalarının da özünəməxsus yeri var. O cümlədən, Qafqazda analoqu olmayan, ən böyük və qocaman enerji obyektlərindən biri hesab edilən, respublikada fəaliyyət göstərən nəhəng hidroenergetika müəssisələrinin birincisi və ümumi gücü 400 MVt-dan artıq olan “Mingəçevir Su Elektrik Stansiyaları Silsiləsi”nin ölkə iqtisadiyyatının çiçəklənməsində özünəməxsus rolu vardır.  Burada cari ilin dörd ayı ərzində nəzərdə tutulduğundan 1 milyon 941,8 min kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir.

Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin aprel ayında elektrik enerjisinin istehsalı 71,8 milyon kilovatsaata yaxın olmuşdur. Bu da nəzərdə tutulduğundan 270,8 min kilovatsaat çoxdur.

Qeyd edək ki,  stansiya uzun müddət istismar edildiyindən avadanlıqları fiziki və mənəvi cəhətdən köhnəlmişdir. Aqreqatlarda vaxtlı-vaxtında poflaktik təmir işləri aparılır və stansiya lazımi ehtiyat hissələri ilə təmin edilir. Məhz onun nəticəsidir ki, digər texniki-iqtisadi göstəricilər də qənaətbəxşdir.

Məlumat üçün bildirək ki, cari ilin 4 ayı ərzində isə silsilə üzrə 411 milyon 500 min kilovatsaat elektrik enerjisi istehsalı nəzərdə tutulsa da, faktiki göstərici  413 milyon 441,8 min kilovatsaata yaxın olmuşdur.

Mənbəyə istinadən onu da qeyd edək ki, bu enerji obyektinin də istismar vəziyyətinin daha da yaxşılaşdırılması məqsədilə cari ilin son üç ayında yenidənqurma və təmir-tikinti işləri qrafikə uyğun davam etdirilmişdir. Belə ki, “Mingəçevir SES”də yeni inşa edilən 110 kV-lik yarımstansiyada tıkinti işləri başa çatdırılmış və avadanlıqların quraşdırılmasına başlanmışdır. Yeni inşa edilən 220 kV-lik yarımstansiyada isə tıkinti işləri başa çatmaq üzrədir. Eyni zamanda 3 saylı hidroturbinin alt üzlüyü yığılmış, betonlama işlərinin aparılmasına hazırlıq görülür. Bütün bunlarla yanaşı hazırda yeni tikilən baş idarə şitinin 2-ci və 3-cü mərtəbələrinin metal konstruksiyaları quraşdırılır və buraya çəkilən kabel kanalında quraşdırma işləri aparılır.

Mənbə onu da bildirdi ki, yenidənqurma işləri çərçivəsində sözügedən dövrdə “Varvara SES”də mövcud 35 kV-lik yarımstansiya sökülmüş və tikinti işlərinə hazırlıq aparılır. Eyni zamanda 1 saylı hidroturbinin işçi çarxı quraşdırılaraq sınağının keçirilməsi üçün müvafiq işlər həyata keçirilir. Bütün bunlarla yanaşı aşagı məcrada sol sahil bərkitmə işləri də davam etdirilir.

Sağlam və təhlükəsiz  əmək şəraitinin təmin edilməsi məqsədilə bir sıra tədbirlərin həyata keçirildiyini qeyd edən mənbə onu da vurğuladı ki, stansiya dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir.

Sonda onu da qeyd edək ki, digər enerji obyektlərində olduğu kimi, burada da yanğın təhlükəsi olan bütün yerlər diqqətdə saxlanılır və onlar təlimata uyğun olaraq yanğına qarşı ləvazimatlarla tamamilə təmin olunmuşdur.

Xatırladaq ki, silsiləyə “Mingəçevir SES” və “Varvara SES” daxildir.