“ŞİMAL”DA DA TƏMİR-TƏFTİŞ İŞLƏRİ APARILIB
Müstəqillik dövründə Ulu Öndərin rəhbərliyi altında respublikada istismara verilən elektrik stansiyalarından biri, Abşeron yarımadasında generasiya güclərindən ən önəmlisi olan “Şimal” ES-də əsas və köməkçi avadanlıqların dayanıqlı və qənaətli işləməsi üçün müvafiq tədbirlər planı hazırlanmış və həyata keçirilmişdir. Nəticədə cari ilin 4 aylıq üzrə texniki iqtisadi göstəriciləri də yüksək olmuşdur. Göstərilən dövrdə elektrik enerjisi istehsalı proqnozlaşdırıldığından 1,3 milyon kilovatsaat çoxdur. Stansiya dispetçer qrafikinə uyğun normal iş rejimində fəaliyyət göstərir.
Stansiyadan “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin aprel ayında 181,3 milyon kilovatsaat elektrik enerjisi istehsal edilmişdir ki, bu da proqnozlaşdırıldığından 300 min kilovatsaat çoxdur.
Qeyd edək ki, cari ilin 4 ayı ərzində isə 781 milyon kilovatsaat proqnoza qarşı 782,3 milyon kilovatsaat elektrik enerjisi istehsal edilmişdir.
Onu da qeyd edək ki, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsinin və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilmişdir.
Əldə etdiyimiz digər bir məlumatda o da qeyd edilir ki, müəssisədə mövcud iqlim şəraitinə uyğun olaraq yanğına qarşı müvafiq tədbirlər planı da həyata keçirilir. Bu məqsədlə ərazidə yerləşən 110 kilovoltluq açıq paylayıcı qurğuda müvafiq tədbirlər həyata keçirilmişdir. Eyni zamanda yanğınsöndürən nasoslar təftiş və təmir edilmişdir. Bundan əlavə yanğın siqnalizasiyasının işi yoxlanılmış, müəssisədə olan yanğın su soyutma və yanğın aşkaretmə qurğularının, həmçinin də yanğın siqnalizasiyasının vəziyyəti yoxlanılmışdır.
Onu da qeyd etmək yerinə düşərdi ki, cari ilin son üç ayı ərzində qapalı dövran soyuducu su sisteminin soyuducuları yenisi ilə əvəzlənmiş, yağlayıcı sistemin “B” saylı nasosunun mühərrikinin yastıqları dəyişdirilmiş, yüksək təzyiqli ışəburaxma nasosları təmir edilmiş və digər avadanlıqlarda da müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Eyni zamanda ərazidə abadlıq və yaşıllaşdırma işləri də aparılmışdır.
Sonda onu da qeyd edək ki, mövsümə hazırlıqla bağlı tərtib edilmiş iş qrafikinə uyğun olaraq tədbirlər planı davam etdirilir. Aparılan planlı təmir işləri enerji blokunun texniki vəziyyətinin daha da yaxşılaşdırılmasına, texniki iqtisadi göstəricilərin yüksəldilməsinə kömək edəcəkdir.
Məlumat üçün bildirək ki, “Şimal” ES MMC-də sayca ikinci 409 MVt-lıq enerji blokunun tikintisi qrafik üzrə davam etdirilir. İkinci enerji blokunun istifadəyə verilməsindən sonra ES-in gücü iki dəfə artırılaraq 809 mVt-a çatdırılacaqdır.