QABAQLAYICI TƏDBİRLƏR GÖRÜLÜR
“Yay fəslində ötürücü və paylayıcı şəbəkələrdə işlər böyük vüsət alır. Bu il yayın çox isti keçməsi isə qayğı və məsuliyyətimizi daha da artırıb. Avadanlıqların ifrat yüklənmədən və havanın yüksək temperaturunun təsirindən qorunması üçün zəruri tədbirlər həyata keçiririk”. Bu barədə “Saatlı Elektrik Şəbəkəsi”ndən (EŞ) “Azərenerji” ASC-nin Mətbuat xıdmətinə daxil olan məlumatda qeyd edilir.
Mənbənin bildirdiyinə görə, EŞ-in xidməti ərazisindəki 10 kV-lik “Nərimanov-Vətən”, “Kompleks”, II “Şəhər”, “Moskva”, 6 kV-lik “Seyidoba”, “Qaracalar” və digər hava xətlərində (HX) aparılmış təmir işləri çərçivəsində ümumilikdə sözügedən xətlərin 2,9 kilometrə yaxın hissəsi təmir edilmişdir. Eyni zamanda balans mənsubiyyətinə aid olan 0,4 kV-lik xətlərin isə 3,7 kilometrə yaxın hissəsi də həmçinin təmir edilmişdir. Təmir işləri rayonun “Kamallı”, “Məzrəli”, “Sarcalar” və digər xətlərində həyata keçirilmişdir.
Qeyd edək ki, paylayıcı şəbəkənin dayanıqlığının daha da möhkəmləndirilməsi məqsədilə transformator məntəqələrində də müxtəlif təyinatlı təmir işləri aparılmış və sözügedən dövrdə balans mənsubiyyətinə aid olan müxtəlif güclü 30 ədəd transformator da təmir edilərək istehlakçıların istifadəsinə verilmişdir.
Mənbədən daxil olan məlumata istinadən qeyd edək ki, təsdiq edilmiş plan-qrafikdə nəzərdə tutulmuş və istismar zamanı mövcud olan digər təmir-bərpa işlərinin müvəffəqiyyətlə həyata keçirilməsi istiqamətində hazırda tədbirlər davam etdirilir.
Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, burada cari ilin may ayında keçirilmiş reydlər zamanı 15 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək 30,4 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin (1,8 min manat) ödənişi təmin edilmiş və ötən aylardan aktlara görə yaranmış debitor borcunda müəyyən hissəsinin ödənişinə nail olunmuşdur.
Mənbəyə istinadən onu da qeyd edək ki, 2012-ci ilin ötən 5 ayı ərzində keçirilmiş reydlər zamanı 226 qayda pozuntusu faktı aşkar edilərək 1 milyon 178,7 min kilovatsaata yaxın artıq itirilmiş elektrik enerjisinin 70,7 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 60 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Yeri gəlmişkən, mənbədən qayda pozuntularının təsnifatı və istehlakçı qrupu barədə əldə etdiyimiz məlumata istinadən onu da bildirək ki, elektrik enerjisindən yenə də kənar xətt vasitəsilə istifadə edilməsi halı üstünlük təşkil etmiş və ən çox qayda pozuntusu məişət abonenti (əhali) istehlakçı qrupunda aşkar edilmişdir.