AVADANLIQLAR NÖVBƏTİ MÖVSÜMƏ HAZIRDIR

Image

İstehlakçıların keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi istiqamətində ölkə ərazisində fəaliyyət göstərən enerji təsərrüfatlarında ənənəvi təmir-bərpa işləri yerinə yetirilir. “Azərenerji” ASC-nin Mətbuat xidmətinə Göygöl Elektrik Şəbəkəsindən (EŞ) daxil olan məlumata görə, müəssisənin xidməti ərazisində payız-qış mövsümünə hazırlıq məqsədilə bir sıra təmir işləri yerinə yetirilib. O cümlədən, cari ilin son üç ayı ərzində 6-10/0,4 kV-lik transformator məntəqələrində (TM) və komplekt transformator məntəqələrində (KTM) ümumi gücü 20,3 MVA olan 51 ədəd transformator təmir edilərək istehlakçıların istifadəsinə verilmişdir.

Qeyd edək ki, 10, 6 və 0,4 kV-lik hava elektrik verilişi xətlərində də əsaslı və cari təmir işləri aparılmış, istismara yararsız naqillər yeniləri ilə əvəz edilmişdir. Nəticədə 1,6 kilometrə yaxın naqil dəyişdirilmişdir.

Onu da qeyd edək ki, sözügedən rayonun elektrik enerjisi təchizatı 54 ədəd 10 və 6 kV-lik EVX, ümumi gücü 127,5 MVA-ya yaxın olan 674 ədəd TM və KTM vasitəsilə həyata keçirilir.

Mənbədən əldə etdiyimiz digər bir məlumatda o da qeyd edilir ki, cari ilin may ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 26 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 390,9 min  kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 23,5 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 25 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir.

Onu da qeyd etmək yerinə düşərdi ki, cari ilin 5 ayı ərzində isə müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 173 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək 1 milyon 25,6 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 61,5 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 60 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Yeri gəlmişkən qayda pozuntularının təsnifatı və istehlakçı qrupu barədə əldə etdiyimiz məlumata istinadən bildirək ki,  elektrik enerjisindən yenə də kənar xətt vasitəsilə istifadə edilməsi halı üstünlük təşkil etmiş və ən çox qayda pozuntusu  məişət abonenti (əhali) istehlakçı qrupunda aşkar edilmişdir.

Sonda onu da qeyd edək ki, aşkar edilmiş qayda pozuntularına görə tədbir görülməsi üçün cari ilin 5 ayı ərzində 5, o cümldən  may ayında isə 1 istehlakçı barəsində toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilmişdir.