HƏR BİR TƏDBİR TƏSDİQLƏNMİŞ QRAFİKƏ UYĞUN HƏYATA KEÇİRİLİR

Image

“Qurğu və avadanlıqları saz vəziyyətdə saxlamaq, enerji itkisinə yol verməmək başlıca vəzifəmizdir. Xidmət göstərdiyimiz regionun rayon və kəndlərində enerji verilişinin fasiləsizliyini və yüksək keyfiyyətini təmin etmək üçün kollektivimiz böyük məsuliyyətlə çalışır. Odur ki, təsdiqlənmiş tədbirlər qrafikinə uyğun olaraq əsaslı və cari təmir işlərini ardıcıllıqla yerinə yetirir, payız-qış mövsümü üçün hazırlıqlarımızı davam etdiririk”.

«Mingəçevir REŞ» -n “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, Qəbələ, Ağsu, Bərdə, Yevlax, Ağcabədi rayonlarında, habelə Mingəçevir şəhərində yerləşən yüksək gər­ginlikli yarımstansiyalarda və hava xətlərində son ayda xeyli cari və əsaslı təmirlər həyata keçirilib. 110/35/6 kilovoltluq «Şəhər» yarımstansiyasında 1 saylı 40,5 MVA transformatorun 35 kV-lik VMD-35 tipli yağ açarı əsaslı, 110 kV-lik ikinci «Şəhər» hava xəttinin eleqaz açarı, habelə 35,6 kV-lik üç ədəd yağ açarı və 6 kV-lik iki ədəd vakuum açarı cari təmirdən çıxarılıb.

110/35/10 kV-lik «Ucar» yarımstansiyasından qidalanan 35 kV-lik «Seyidlər» hava xəttinin yağ açarı əsaslı, birinci və ikinci «Göyçay» hava xətlərinin 110 kV-lik  iki ədəd eleqaz açarı isə cari təmir edilərək istifadəyə verilib.

110/35/10 kV-lik «Yevlax» yarımstansiyasında çalışan tə­mirçilər briqadası da ötən ay xeyli iş həcmini yerinə yetirib. Onlar 10 kV-lik «Cırdaxan» hava xəttinin yağ açarını əsaslı, 2 saylı transformatorun  bir ədəd eleqaz açarını, iki ədəd isə yağ açarını cari təmirdən çıxarıblar.

220/110/10 kV-lik «Qəbələ» və «Ağsu» yarımstansiyalarında cari təmirlər üstünlük təşkil edib. «Qəbələ»də üç ədəd yağ, «Ağ­su»da isə üç ədəd eleqaz açarı cari təmirdən sonra işə qoşulub.

110/35/10 kV-lik «Bərdə» «Xalac» ya­rımstansiyasiyalarında 10 kV-lik giriş vakuum açarları və giriş yağ açarı müvafiq təmirdən sonra fəaliyyətini davam etdirir.

110/35/10 kV-lik «Ağcabədi», 35/6 kV-lik «Karxana» yarımstansiyasında da cari təmirlər həyata keçirilib.