QƏNAƏTBƏXŞ NƏTİCƏLƏR ƏLDƏ EDİLİR
Ən müasir texnologiyaların tətbiqi ilə daxili imkanlar hesabına tikilərək istifadəyə verilmiş “Astara” elektrik stansiyasında aqreqatların dayanıqlı işi ilə əlaqədar istismar həddinə uyğun növbəti texniki xidmət yerinə yetirilmişdir.
Elektrik stansiyasından “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda belə qeyd edilir və bildirilir ki, burada ötən ay da uğurlu nəticə əldə edilmişdir. Belə ki, cari ilin oktyabr ayında enerji obyektində 22,8 milyon kilovatsaat elektrik enerjisi istehsal edilmişdir. Qeyd edək ki, stansiyada cari ilin 10 ayı ərzində 248,4 milyon kilovatsaat elektrik enerjisi istehsal edilmişdir. Səmərəlilik baxımından yüksək standartlara cavab verən “Astara” elektrik staniyasında cari ilin 10 ayında, o cümlədən oktyabr ayında digər texniki iqtisadi göstəricilər üzrə də yüksək nəticələr əldə edilmişdir.
Mənbədən o da bildirilir ki, iş səmərəliliyinin artırılması məqsədilə, mövsümə hazırlıq üzrə tərtib edilmiş tətbirlər planına uyğun olaraq cari ilin son 3 ayı ərzində 7 aqreqatda növbəti istismar həddinə uyğun texniki qulluq yerinə yetirilib. Bundan əlavə 4 və 5 saylı 25 MVA-lıq transformatorun, 2 saylı xüsusi sərfiyyat transformatorunun, eyni zamanda 3 aqreqatın eleqaz açarları təmir edilmişdir. Payız-qış mövsümü ilə əlaqədar olaraq lazımi miqdarda sürtkü yağları və kimyəvi reagentlər ehtiyatı toplanmışdır. Hal-hazırda aqreqatlar dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir.
Stansiyada yanğın təhlükəsizliyi məsələləri də daima diqqət mərkəzindədir. Belə ki, burada yanğın təhlükəli obyektlərə mütəmadi olaraq baxış keçirilir, qeydə alınan ən kiçik nasazlıqlar belə aradan qaldırılır. Yeri gəlmişkən, yeni alınmış köpük generatoru istifadəyə hazır vəziyyətə gətirilmişdir.
Mənbədən onu da bildirdilər ki, enerji avadanlıqlarının təmir-bərpa işləri ilə yanaşı işçilərin iş şəraitinin yaxşılaşdırılmaı məqsədilə inzibati və yardımçı binalarin təmirinə də xüsusi diqqət yetirilmişdir.
Xatırladaq ki, ümumi gücü 87 MVt olan “Astara” elektrik stansiyası 10 aqreqatdan ibarətdir.