YENİDƏNQURMA İŞLƏRİ DAVAM ETDİRİLİR

Image

Digər elektrik şəbəkələrində (EŞ) olduğu kimi “Cəlilabad” EŞ-in xidməti ərazisində də yenidənqurma, əsaslı və cari təmir işlərinə vüsət verilib. Müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə verilən məlumata görə, balans mənsubiyyətinə aid olan bütün yarımstansiyalarda, EVX-lərdə və müxtəlif avadanlıqlarda tərtib olunmuş qrafik əsasında müvafiq  işlər aybaay yerinə yetirilib. Hazırda burada yenidənqurma işlərinə diqqət artırılmışdır. Belə ki, cari ilin son üç ayı ərzində smartkart tipli sayğacların quraşdırılması məqsədilə sayğacların girişinə 1,1 kilometrə yaxın koaksial kabel çəkilmişdir. Eyni zamanda müəyyən məsafədə yeni SIP kabel xətti çəkilmiş, mövcud 0,4 kV-luq elektrik şəbəkələrinin yenidən qurulması, elektrik şəbəkəsinin istismarını asanlaşdırılması və elektrik şəbəkəsində itkilərin azaldılması məqsədi ilə 1,6 km-dən artıq hava xətləri özünüdaşıyan izolyasiyalı naqillər ilə əvəz olunmuşdur. Bütün bunlarla yanaşı sözügedən dövrdə müəssisənin xidməti ərazisində olan 10 və 0,4 kV-lik xətlərin ümumilikdə 1,9 km-dən artıq hissəsi də əsaslı təmir olunmuşdur. Həmçinin sözügedən gərginlikli xətlərdə ümumilikdə 40-a yaxın dayaq yenisi ilə əvəz edilmişdir.

Qeyd edək ki,cari ilin I rübündə müəssisənin balans mənsubiyyətinə aid transformator məntəqələrinin 16-da müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş və ümumi gücü 1,2 MVA-dan artıq olan üç transformator da təmir eilərək istifadəyə verilmişdir. Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, EŞ-in kollektivi qarşıdan gələn payız-qış mövsümünə hazırlaşmaq üçün ilin münasib və əlverişli isti aylarından maksimum faydalanmağa çalışacaqlar.

“Ümumiyyətlə, sözügedən müəssisənin də elektrik avadanlıqlarında mövsümə hazırlıq çərçivəsində bütün lazımi tədbirlər icra olunur.  Eyni zamanda sayğac uçot komplektinə nəzarətin gücləndirilməsi məqsədilə mütəmadi reydlər keçirilir”, – deyən mənbə onu da bildirdi ki, cari ilin mart ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 100-dən artıq istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 192,9 min  kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 11,6 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin ödənişi təmin edilmişdir.  Yeri gəlmişkən, cari ilin I rübü ərzində isə keçirilmiş reydlər zamanı 280-a yaxın istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək 635,6 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 38,1 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat dövründə həmin bu məbləğlə yanaşı, ötən ildən aktlara görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilmişdir.

Məlumatda o da bildirilir ki, həyata keçirilən tədbirlər nəticəsində müəssisənin digər texniki iqtisadi göstəricilərində müsbət dinamika müşahidə edilmişdir. Belə ki, müəssisə üzrə cari ilin mart ayındakı ümumi istehlak ötən ilin eyni dövründəki  istehlak ilə müqayisədə 1.5 milyon kilovatsaata yaxın artaraq 11,6 milyon kilovatsaatdan artıq olmuşdur. Ödəniş isə ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə mütləq1,3 faiz artmışdır.  O cümlədən, daimi əhali istehlakçı qrupunda isə 9,3 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bu da 2013-cü ilin eyni dövründəki istehlakdan 1,1 milyon kilovatsaat çoxdur. Hesabat dövründə ödəniş isə ötən ilin eyni dövrü ilə müqayisədə mütləq artmışdır. Qeyd edək ki, cari ilin I rtübü ərzində isə müəssisə üzrə ümumilikdə 37,5 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. Nəticədə 2013-cü ilin müvafiq dövründəki göstərici ilə müqayisədə istehlak 7,3 milyon kilovatsaatdan çox artmış, ödənişdə isə mütləq artım qeydə alınmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə bu göstəricilər müvafiq olaraq 29,9 milyon kilovatsaatdan artıq, 6,1 milyon kilovatsaatdan artıq olmuşdur.