“AĞDAM EŞ”: TƏMİR İŞLƏRİ APARILIR

Image

Şəbəkənin istismar vəziyyətinin yaxşılaşdırılması üçün zəruri tədbirlər görülür. Vaxtında aparılan cari və əsaslı təmir işləri nəticəsində qəza açılmaları minimum həddə düşüb, istehlakçılar daha da dayanıqlı elektrik enerjisi ilə təmin olunurlar. Həyata keçirilən məqsədyönlü tədbirlər müəssisənin digər texniki-iqtisadi göstəricilərinə də müsbət təsir göstərir.

“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin son üç ayında “Ağdam Elektrik Şəbəkəsi”nin xidməti ərazisində 10 kV-lik xətlərin müəyyən hissəsi təmir edilmiş, xeyli sayda dayaq düzləndirilmiş, naqillərin qabariti bərpa olunmuş və trassası yaşıl kütlədən təmizlənmişdir. Eyni zamanda bir neçə kəndin 0,4 kV-lik xətlərində həyata keçirilən təmir işləri zamanı xətt təmir olunmuş, xeyli sayda izolyator və dayaq dəyişdirilmiş və traves quraşdırılmışdır. Qeyd edək ki, təmir kampaniyası çərçivəsində  TM-lərdə də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.

“Görülmüş işlər öz növbəsində sayğac sxemlərinə müdaxilə hallarının qarşısının alınmasında əhəmiyyətli rol oynayır”, – deyən mənbə onu da bildirdi ki, cari ilin sentyabr ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 80-dan artıq istehlakçının sayğac uçot komplektində pozuntu faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 329 min  kilovatsaat itirilmiş elektrik enerjisinin 19,7 min manat istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat ayında həmin bu məbləğin 78 faizdən artıq hissəsinin ödənişi təmin edilmişdir.

Onu da qeyd edək ki, sözügedən müəssisə üzrə cari ilin 9 ayı ərzində isə 790-dan artıq qayda pozuntusu aşkar edilərək akt tərtib olunmuşdur. Nəticədə 4 milyon 64 min kilovatsaat itirilmiş elektrik enerjisinin 243,7 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 59 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir. Qayda pozuntularının təsnifatına görə, mənbəyə istinadən onu da qeyd etmək yerinə düşərdi ki, müdaxilə olunmuş sayğaclardan keçən enerjinin bir hissəsinin qeydə alınmaması, sayğacdan kənar istifadə halları üstünlük təşkil etmişdir.

Məlumatda o da bildirilir ki, həyata keçirilən tədbirlər nəticəsində müəssisənin digər texniki iqtisadi göstəricilərində müsbət dinamika müşahidə edilmişdir. Belə ki, müəssisə üzrə cari ilin sentyabr ayındakı ümumi istehlak ötən ilin eyni dövründəki  istehlak ilə müqayisədə 1,5 milyon kilovatsaatdan çox artaraq 16,5 milyon kilovatsaata yaxın olmuşdur. Ödəniş isə ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə mütləq son hədlik göstəricidən də çox artmışdır.  O cümlədən, daimi əhali istehlakçı qrupunda isə 901 min kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da 2013-cü ilin eyni dövründəki istehlakdan 75 min kilovatsaat çoxdur. Hesabat dövründə ödəniş isə ötən ilin eyni dövrü ilə müqayisədə mütləq 3 faizə yaxın artmışdır.

Onu da qeyd etmək yerinə düşərdi ki, cari ilin 9 ayı ərzində isə müəssisə üzrə ümumilikdə 158,9 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. Nəticədə 2013-cü ilin müvafiq dövründəki göstərici ilə müqayisədə istehlak 14,2 milyon kilovatsaatdan çox artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə 9 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 657 min kilovatsaata yaxın artmış, ödənişdə mütləq artım isə 3 faizdən artıq olmuşdur.