“YEVLAX EŞ”: SAYĞAC SXEMİNƏ MÜDAXİLƏ HALLARININ QARŞISI ALINIR

Image

Həyata keçirilmiş məqsədyönlü tədbirlər, o cümlədən istehlakçılar arasında aparılan maarifləndirmə işinin nəticəsidir ki, aybaay yığım səviyyəsi artır. Sayğac uçot komplektinə nəzarətin gücləndirilməsi, istehlakçıların elektrik enerjisindən təyinatı üzrə istifadə etmələri, onlar arasında aparılan təbliğat işinə baxmayaraq hələ də bu və ya digər şəkildə  sayğac sxeminə müdaxilə halları var. Bu da sonda itkilərin artmasına və ödəniş səviyyəsinin aşağı düşməsinə səbəb olur. Məqsədimiz bu pozuntu faktlarını vaxtında aşkar edərək onların qarşısını almaq, itkiləri azaltmaq və ödənişi 100 faizə çatdırmaqdır.

“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan  məluma görə, “Yevlax Elektrik Şəbəkəsi”nin (EŞ)  xidməti ərazisində ötən il ərzində keçirilmiş reydlər zamanı 335 qayda pozuntusu faktı aşkar olunmuşdur. Nəticədə 1 milyon 829 min  kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 109,8 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat dövründə həmin bu məbləğlə yanaşı 2013-cü ildən aktlara görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilmişdir.

Mənbə onu da bildirdi ki, 2014-cü ilin dekabr ayında müəssisənin xidməti ərazisində 13,1 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə ümumi istehlak 193 min kilovatsaatdan çox artmış, ödənişdə mütləq artım bir faizə yaxın olmuşdur. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak 5,2 milyon kilovatsaata yaxın olmuşdur ki, bu da 2013-cü ilin müvafik dövründəki istehlakdan 103 min kilovatsaata yaxın azdır. Ödəniş isə 2013-cü ilin eyni dövründəki göstəricidən mütləq 4 faizə yaxın çoxdur.

Onu da qeyd edək ki, ötən il ərzində müəssisə üzrə istehlak 2013-cü ildəki istehlakla müqayisədə 9,1 milyon kilovatsaata yaxın artaraq  144,4 milyon kilovatsaata yaxın olmuşdur. Ödəniş isə 2013-cü ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 5 faizdən çox artmışdır.  O cümlədən, daimi əhali istehlakçı qrupunda isə 53,5 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da 2013-cü ilin eyni dövründəki istehlakdan 4,5 milyon kilovatsaat çoxdur. Hesabat ayında ödəniş isə 2013-cü ilin eyni dövrü ilə müqayisədə mütləq 11 faizdən çox artmışdır.