GÖRÜLƏN TƏDBİRLƏR SƏMƏRƏSİNİ VERİR
İstehlakçıların daha da dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması energetiklərin mühüm vəzifəsidir. Bu istiqamətdə silsilə tədbirlərin həyata keçirilməsi ardıcıl xarakter daşıyır. Təsadüfi deyil ki, bu gün enerjisistemin bütün müəssisələrində bu və ya digər formada yeniliklərin şahidi olmaq mümkündür. Təbii ki, ölkə iqtisadiyyatının hərtərəfli inkişafı fonunda istehsalın əsas sütunlarından olan elektrik enerjisinə tələbatın artdığını nəzərə alsaq, o zaman bu sektorda aparılan geniş quruculuq və yenidənqurma işlərinin əhəmiyyətini daha aydın təsəvvür etmək olar.
“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumatda belə qeyd edilir və o da bildirilir ki, hər il olduğu kimi ötən ildə də “Qusar Elektrik Şəbəkəsi”nin əməkdaşları qəza açılmalarının qarşısının alınması məqsədilə məqsədyönlü tədbirlər həyata keçiriblər. Eyni zamanda texnoloji itkilərin azaldılması məqsədilə bir neçə transformator yükə uyğun yenisi ilə əvəz edilmişdir. Qeyd edək ki, sözügedən dövrdə 10-6-0,4 kV-lik EVX-lərdə və TM-lərdə müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Ümumiyyətlə, aparılan məqsədyönlü tədbirlər, görülən işlər nəticəsində EVX-lər istənilən hava şəraitinə tam hazır vəziyyətdədir. Bütün xətlər üzrə cari və əsaslı təmir işləri aparılıb. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Transformator məntəqələrində də zəruri tədbirlərin görülməsi hesabına əsas işlər yekunlaşmışdır. Mühüm amillərdən biri də şəbəkənin tələb olunan mal-material və maşın-mexanizmlərlə təmin olunmasıdır ki, bu məsələ də ciddi şəkildə diqqət mərkəzində saxlanılır.
Mənbədən daxil olan digər bir məlumata görə, ötən il ərzində “Qusar” EŞ-in xidməti ərazisində keçirilmiş reydlər zamanı 310-a yaxın istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 286,6 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 17,1 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Reallaşdırılan müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 37 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
“Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak edilmiş elektrik enerjisinin dəyərinin ödənişində dinamik artım qeydə alınmışdır”,- deyən mənbə qeyd etdi ki, ötən ilin dekabr ayında sözügedən EŞ üzrə 10,5 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. Bu da 2013-cü ilin müvafiq dövründəki istehlakla müqayisədə 2,1 milyon kilovatsaata yaxın çoxdur. İstehlak edilmiş elektrik enerjisinin dəyərinin ödənişi isə 2013-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə mütləq 61 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 839 min kilovatsaat artaraq 3,7 milyon kilovatsaatdan çox, ödənişdə mütləq artım isə 2 faizə yaxın olmuşdur. Qeyd edək ki, ötən il ərzində EŞ üzrə istehlak 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 17 milyon kilovatsaata yaxın artaraq 81,9 milyon kilovatsaata yaxın olmuşdur. Ödəniş isə 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə mütləq 33 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə istehlak 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,6 milyon kilovatsaatdan çox artaraq 33,1 milyon kilovatsaata yaxın olmuşdur. Ödəniş isə 2013-cü ildəki göstərici ilə müqayisədə mütləq 6 faizdən çox artmışdır.