“AzərEnerji”də rəqəmsal idarəetmə məsələləri müzakirə edilib
“AzərEnerji” ASC-nin
Baş İdarəetmə, Elm, Tədris və Laboratoriya Mərkəzində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
rəhbərliyinin iştirakı ilə görüş keçirilib. Qeyd edək ki, “AzərEnerji”
ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
nümayəndələri arasında keçirilən bu görüş Prezident İlham Əliyev-in fevralın 11-də “Azərbaycanın
yeni rəqəmsal arxitekturası”na dair müşavirədə verdiyi tapşırıqlardan sonra
keçirilən sayca ikinci görüşdür və görüşdə dövlət başçısının 10 dekabr 2025-ci
il tarixli 841 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında
rəqəmsal iqtisadiyyatın inkişafına dair Strategiya” çərçivəsində enerji
sistemində həyata keçirilən tədbirlər nəzərdən keçirilib.
“AzərEnerji”
tərəfindən edilən təqdimat zamanı Elektroenergetika Obyektləri üzrə Operativ
Məlumat Sistemi (EOOMS), SCADA və WAMS/WACS sistemlərinin tətbiqi, monitorinq
və operativ idarəetmə imkanları barədə məlumat verilib. Həmçinin monitorinq
məqsədilə xüsusi təchiz olunmuş nəqliyyat vasitələri və enerji obyektlərində
rəqəmsal nəzarət mexanizmləri diqqətə çatdırılıb.
Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyi nümayəndələri
təhlükəsizlik və kibertəhlükəsizlik sistemləri, o cümlədən Kiber Təhlükəsizlik
Mərkəzinin fəaliyyəti barədə məlumat verərək, birgə əməkdaşlıq və
ixtisasartırma imkanlarını təqdim ediblər.
Müzakirələr zamanı enerji ilə əlaqəli data
mərkəzlərinin enerji təchizatı, strateji obyektlərin yaxınlığında data
infrastrukturunun qurulması, fiber-optik şəbəkənin inkişafı və “AzərEnerji”
ASC-nin myGov.az platforması ilə
inteqrasiyası məsələləri də əhatə olunub. Qeyd edilib ki, inteqrasiya mərhələli
şəkildə həyata keçiriləcək və istifadəçi sayının artırılması nəzərdə tutulur.
Görüş çərçivəsində tərəflər rəqəmsallaşma,
kibertəhlükəsizlik və data mərkəzlərinin inkişafı üzrə birgə fəaliyyət
istiqamətlərini razılaşdırıblar.