Ölkənin ən böyük Elektrik Stansiyası necə tikilir?
Mingəçevir
şəhərində “AzərEnerji” tərəfindən yeni tikilən, ölkənin ən böyük elektrik
stansiyası üçün İtaliyadan gəmi vasitəsi ilə daha bir dəst turbin və generator
gətirilib. Hər birinin çəkisi 300 tondan artıq olan turbin və generator Bakıda
ağır tonnajlı kranlarla xüsusi qoşqulu daşınma vasitələrinə yüklənib. Yükün
hündürlüyü 6 metr olduğundan Mingəçevirə qədər yol boyu körpülərin altı qazılıb
və keçid təmin edilərək yollar bərpa edilib. Ümumi gücü 1880 meqavat olan yeni
elektrik stansiyasında yerinə qoyulan avadanlıqların dərhal quraşdırılmasına
başlanılıb. Yeni elektrik stansiyasında 4 ədəd turbin və generator olmalıdır
ki, onlardan artıq üç dəsti gətirilib və son dəst turbin-generator da yaxın
vaxtlarda ölkəyə çatdırılacaq.
Belə
ki, İtalyadan yola çıxan sonuncu turbin, generator gəmi ilə gətirilir, gələn ay
Bakıya çatdırılacaq. Çindən gələn 8 ədəd transformator isə artıq Bakıya
çatdırılıb. Bundan başqa util qazanın hissələrindən ibarət sonuncu gəmi bir
neçə günə Poti limanına çatacaq və avadanlıqlar Mingəçevirə daşınacaq.
Qeyd
edək ki, gücünə görə ölkənin ən böyük elektrik stansiyası olacaq bu enerji
obyekti son illərdə sürətlə yaradılan bərpa olunan enerji mənbələrinin
enerjisistemə inteqrasiyasının əks təsirlərinin balanslaşdırılması, enerji
istehsalında təbii qaza qənaət edilməsi, iqlim dəyişiklikləri ilə bağlı baş
verən kataklizmlərin qarşısının alınması, ətraf mühitin qorunması baxımından
xüsusi önəm daşıyır.
Belə
ki, “AzərEnerji” tərəfindən yeni tikilən stansiyanın şərti yanacaq sərfiyyatı “Azərbaycan”
İES-in digər blokları ilə müqayisədə hər kilovat saat üçün 120 qram azalmaqla
225 qram təşkil edəcək ki, bununla da illik 1,2 milyard kub metr təbii qaza qənaət
ediləcək, eyni zamanda ətraf mühitə atılan karbon qazının miqdarı 2 milyon ton
azalacaq. Onu da nəzərə çatdıraq ki, BMT-nin İqlim Dəyişikliyi ilə bağlı əsas
müddəaları arasında “yaşıl enerji” və enerjinin effektivliyi öndə gəlir. Yeni
tikilən stansiyası da bu cəhətdən olduqca əhəmiyyətlidir.