“AzərEnerji” Laçında ixtisaslaşdırma və işəgötürmə kursları təşkil edib
Laçın rayonunda tikilən kiçik su elektrik
stansiyalarında işlə təmin olunan əməkdaşların təhsil və peşəkarlıq səviyyəsinin
artırılması məqsədilə “Azərenerji” ASC Dövlət Məşğulluq Agentliyi ilə birlikdə
4 mərhələdən ibarət “Hidrotexniki qurğuların istismarı” üzrə praktik təlim-kursu
keçirib.
Təlimdə Laçın rayonu ərazisində
9 yerdə istismara verilən Kiçik Su Elektrik Stansiyalarında çalışan 36 nəfər işçi iştirak edib. Onlardan məhz
7 nəfəri hazırda ərazidə məskunlaşan əhali arasından seçilərək yerindəcə işlə təmin
olunanlardır. Ümumilikdə isə 36 nəfərdən
26 nəfəri Laçın rayonundan olan məcburi
köçkünlərdir və onlardan 19 nəfəri
yaxın vaxtlarda dövlət tərəfindən evlə təmin ediləcək.
“AzərEnerji”nin təşkil etdiyi
kurslar bitdikdən sonra Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Respublikası
Prezidentinin Laçın rayonu üzrə xüsusi nümayəndəliyinin əməkdaşları ilə birlikdə
təlimdə iştirak edən işçilərə “Sertifikatlar”
təqdim edilib.
Qeyd edək ki, işğaldan azad
edilmiş ərazilərə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası ilə bağlı
“Azərenerji” ASC tərəfindən Qarabağ və Şərqi Zəngəzurda məskunlaşan əhalinin
fasiləsiz və etibarlı elektrik enerjisi ilə təmin olunması və yerli əhalinin
daimi işlə təmin edilməsi məqsədilə Səhmdar Cəmiyyətin strukturunda “Qarabağ
Regional Elektrik Şəbəkəsi” və “Yaşıl Enerji Elektrik Stansiyaları” MMC-lər
yaradılıb. Nəticədə bu günədək 500-ə
yaxın insan daimi işlə təmin edilib ki, onların mütləq əksəriyyəti işğaldan
azad olunan rayonların sakinləridir.
“AzərEnerji” ASC-nin Tədris Mərkəzi və “Yaşıl
Enerji” MMC strukturlarının Laçında həyata keçirdiyi kurslar, o cümlədən
sertfikatların verilməsi prosesi analoji olaraq Kəlbəcər, Zəngilan və digər ərazilərdə
də keçirilir və keçiriləcək.