“AzərEnerji” ağacəkmə aksiyası keçirib

Image

2024 - “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində “AzərEnerji” “yaşıl enerjinin” əhatəsini genişləndirməklə paralel olaraq, kompleks yaşıllaşdırma aksiyalarını davam etdirir. COP29 tədbirinin keçiriləcəyi noyabr ayına qədər 29 min ağac əkilməsini qarşısına məqsəd qoyan “AzərEnerji” kollektivi ilin əvvəlindən başlayaraq fevral, mart və aprel aylarında ölkənin nəhəng enerji obyektlərində 20 mindən artıq ağac əkib.

Növbəti ağacəkmə aksiyası isə dünən Mingəçevirdə baş tutub. Belə ki, “Yaşıl Dünya naminə həmrəylik ili” və Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 55 illiyi ilə bağlı aksiyanın Mingəçevirdə keçirilməsinin xüsusi mənası var. Əvvəla ona görə ki, ağacəkmə aksiyasının keçirildiyi Mingəçevirdəki “Azərbaycan” İstilik Elektrik Stansiyasının tikintisinə məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ötən əsrin 70-ci illərində başlanılıb. Digər tərəfdən hazırda “Azərbaycan” İstilik Elektrik Stansiyasının ərazisində 1880 MVt gücündə yeni Elektrik Stansiyası tikilir ki, bu müstəqillik dövründə tikilən ən böyük elektrik stansiyasıdır. Ağacəkmə aksiyası da məhz yeni tikilən elektrik stansiyasının həyətində keçirilib.

Qeyd edək ki, enerji yüksək enerji effektivliyi ilə seçilən yeni elektrik stansiyası ölkədə yaradılan bərpa olunan enerji mənbələrinin enerjisistemə inteqrasiyasının əks təsirlərinin balanslaşdırılması, enerji istehsalında təbii qaza qənaət edilməsi, iqlim dəyişiklikləri ilə bağlı baş verən kataklizmlərin qarşısının alınması, ətraf mühitin qorunması baxımından xüsusi önəm daşıyır.

Onu da nəzərə çatdıraq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının əsas müddəalarından biri məhz enerjinin effektivliyidir və yeni tikilən stansiya da bu xüsusda olduqca əhəmiyyətlidir.