“AzərEnerji” Ulu Öndər Heydər Əliyevlə bağlı tədbirlər keçirib
Ulu öndər Heydər Əliyevin anadan olmasının “101
illiyi və 2024 – Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “AzərEnerji” tərəfindən
silsilə tədbirlər keçirilir. Ölkənin bir çox ərazilərində yerləşən enerji
obyektlərində həyata keçirilən ağacəkmə aksiyasının davamı olaraq “Qobu” Enerji
Qovşağının ərazisində də ağacəkmə aksiyası keçirilib. Aksiyanın keçirilməsində əsas məqsəd ölkədə
ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət
vermiş ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, ekoloji mədəniyyəti,
təbiətə olan qayğı hissini təbliğ etmək, Ümummilli Liderin ənənəsinə sadiq
qalmaqdır.
Ağacəkmə
aksiyasının ardınca Ulu Öndərin anadan olmasının 101 illiyi ilə bağlı “Qobu”
Enerji Qovşağının akt zalında tədbir keçirilib. Tədbirdə
ulu öndər Heydər Əliyevin 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəlişindən sonra
ölkə enerji sistemini kənar mənbələrdən asılı vəziyyətdən çıxarması və Azərbaycanda
enerji müstəqilliyinin və təhlükəsizliyinin bünövrəsinin qoyulması, həmçinin
1993-cü ilin iyununda xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdıqdan
sonra elektroenergetika sahəsində gördüyü misilsiz işlərlə bağlı çıxışlar
edilib.