Bu il Kəlbəcərdə daha 4 SES istismara veriləcək
Yaşıl enerjiyə keçidin sürətləndirilməsi, atmosferə atılan karbon qazının miqdarının
azaldılması, təbii qaza qənat edilməsi,
ekoloji cəhətdən təmiz enerji istehsal edilməsi üçün bir çox ərazilərdə olduğu
kimi işğaldan azad edilən Kəlbəcər rayonunda da “AzərEnerji” tərəfindən kompleks işlər həyata keçirilir. Belə ki, hazırda
Kəlbəcər rayonunun ərazisində 4 yerdə su elektrik stansiyalarının tikintisi
aparılır. 4,3 meqavat gücündə “Zar”, 8,8 meqavat gücündə “Nadirxanlı”, 8,6
meqavat gücündə “Aşağı Vəng” və 22,5 meqavat gücündə “Yuxarı Vəng” su elektrik
stansiyalarının 2024-cü ildə istismara verilməsi planlaşdırılır.
Onu da qeyd edək ki, 2020-2023-cü illər ərzində
Kəlbəcər rayonunda “AzərEnerji” tərəfindən ümumi
gücü 32 meqavat olan “Kəlbəcər-1”, “Meydan”, “Qamışlı”, “Çıraq-1”, “Çıraq-2” və
“Soyuqbulaq” kiçik su elektrik stansiyaları yenidən qurularaq Ölkə Prezidenti
İlham Əliyevin iştirakı ilə istismara verilib. Məskunlaşma siyasətinə uyğun
olaraq 20-dən artıq kəlbəcərli bu stansiyalarda daimi işlə təmin olunub. Bu
günə kimi istismara verilən 6 kiçik su elektrik stansiyasında 70 milyon kilovat
saata yaxın ekoloji cəhətdən təmiz yaşıl enerji istehsal edilib. Qeyd edək ki,
cari ilin bolsulu olması və quraşdırılan turbinlərin səmərəlilik
göstəricilərinin yüksək olması səbəbindn stansiyalar hazırda nominal gücdə
işləyir.
Sonda xüsusi bir məqamı da diqətə
çatdıraq ki, kiçik su elektrik
stansiyalarına karbon sertifikatlarının alınması üçün rəsmi qaydada Qətərdə
yerləşən «Qlobal Karbon Şurası» təşkilatına Kəlbəcərdə fəaliyyət göstərən kiçik
su elektrik stansiyalarına görə müraciət olunub və stansiyaların qeydiyyatı proseduru üzrə növbəti mərhələyə keçidə müsbət
rəy verilib. Bu təşəbbüs ardıcıllıqla digər su elektrik stansiyalarını da əhatə
edəcək və Azərbaycan tarixində ilk dəfə bərpa olunan enerji mənbəli elektrik
stansiyalarının karbon sertifikatları ilə təmin edilməsi məhz işğaldan azad
edilən ərazilərdəki enerji obyektləri ilə bağlı olacaq.