Bu il Qarabağ və Şərqi Zəngəzurda “AzərEnerji”nin 12 enerji obyektinin açılışı olub
2024-cü ildə isə daha 12 su elektrik
stansiyası istismara veriləcək
İşğaldan azad edilən ərazilərdə 2023-cü ildə “AzərEnerji”
tərəfindən 12 yerdə tikilən yarımstansiya və su elektrik stansiyalarının
açılışı olub.
Belə ki, Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Türkiyə-Avropa
ölkələrarası beynəlxalq enerji dəhlizi layihəsi çərçivəsində tikilən 330 kV-luq
“Cəbrayıl” qovşaq yarımstansiyası istismara verilib.
Həmçinin yaşıl enerji strategiyasına uyğun olaraq 2023-cü
ildə Kəlbəcər rayonunda 8,33 meqavat gücündə “Çıraq-1”, 3,6 meqavat gücündə “Çıraq-2”,
6,33 meqavat gücündə “Qamışlı”, 5,3 meqavat gücündə “Soyuqbulaq” və 3,4 meqavat
gücündə “Meydan” kiçik su elektrik stansiyalarının yenidənqurmadan sonra
açılışı olub.
Paralel olaraq 2023-cü ildə “AzərEnerji” tərəfindən
Laçında yeni tikilən 110 kilovoltluq “Qorçu” yarımstansiyasının və “Laçın” şəhər
qovşaq yarımstansiyasının açılışı həyata keçirilib. Bununla yanaşı, Laçın
rayonunda yenidən qurulan 8,25 meqavat
gücündə “Mişni” və 6 meqavat gücündə “Alxaslı” kiçik su elektrik stansiyaları
yenidən qurularaq istismara buraxılıb. Prezident İlham Əliyev, həmçinin “AzərEnerji”nin
yeni tikilən 10,5 meqavat gücündə “Cahangirbəyli” Su Elektrik Stansiyasının
açılışında da iştirak edib. Dekabr
ayında isə 110 kilovoltluq “Ağdam” qovşaq yarımstansiyasının açılışı həyata
keçirilib.
2023-cü ilin ən yadda qalan hadisələrindən biri isə
heç şübhəsiz, 19-20 sentyabr antiterror tədbirlərindən cəmi 4 gün sonra Xankəndi
və digər ərazilərin Azərbaycan enerji sisteminə qoşulması olub.
Sonda onu da qeyd
edək ki, 2023-cü ildə işğaldan azad edilən ərazilərdə “AzərEnerji”nin 9 elektrik stansiyasının tikintisinə
başlanılıb və hazırda həmin 9 stansiya da daxil olmaqla Qarabağ və Şərqi Zəngəzurda
12 yerdə ekoloji cəhətdən təmiz “yaşıl enerji” istehsal edəcək su elektrik
stansiyalarının tikintisi davam edir və onların bir neçəsində işlər tamamlanıb.
Bu, 12 stansiyanın isə 2024-cü ildə istismara verilməsi nəzərdə tutulub.