İtaliya-Azərbaycan elektrik enerji sahəsində mühüm razılaşmalar

Image

Bu ilin fevral ayında Prezident İlham Əliyev və İtalyanın şirkətlər və “Made in Italy” naziri Adolf Ursonun iştirakı ilə təməli qoyulan və müstəqillik dövründə tikilən ən böyük elektrik stansiyasında işlər “AzərEnerji” tərəfindən sürətlə davam etdirilir. Mingəçevirdəki “Azərbaycan” İstilik Elektrik Stansiyasının ərazisində inşa edilən 1280 meqavatlıq yeni elektrik stansiyasına artıq İtaliyanın Ansaldo Energia şirkəti tərəfindən istehsal olunan 2 ədəd qaz turbini və 2 ədəd generator gəmiyə yüklənərək Azərbaycana göndərilib və Bakıdakı limandan ən ağır yüklərin daşınmasını həyata keçirən xüsusi qoşqulu vasitələrlə Mingəçevirə daşınıb. Qeyd edək ki, hər birinin çəkisi 300-400 ton olan turbin və generatorların yolboyu körpülərin altından xüsusi tədbirlər görülərək keçirilib. Beləliklə, Ansaldo Energia şirkəti tərəfindən göndərilən 2 dəst turbin və generatorlar artıq yerinə qoyulub, 2 dəsti isə hazırda sifarişə uyğun olaraq İtaliyada yığılır və gələn ilin ilk aylarında göndəriləcək.

Bu arada isə İtaliyanın Ansaldo Energia şirkətinin rəhbəri Fabbrizio Fabrinin rəhbərlik etdiyi nümayəndə heyəti yeni tikilən elektrik stansiyasına gəliblər. Qonaqlar ilk öncə “AzərEnerji”nin rəhbəri Baba Rzayevin iştirakı ilə Mingəçevirdəki “Azərbaycan” İstilik Elektrik Stansiyasının həyətində ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar. Sonra rekonstruksiya olunan bloklara, tikinti ərazisinə baxış keçirilib, işin gedişatı ilə tanış olunub. Daha sonra İtaliya Azərbaycan dostluğu, işin gedişatı, tikinti, quraşdırma işləri ilə bağlı iclas keçirilib. İclasda Ansaldo ilə “AzərEnerji” arasında köməkçi avadanlıqların istehsalı, kadr mübadiləsi, ehtiyat hissələrin hazırlanması və digər məqamlarla bağlı geniş fikir mübadiləsi aparılıb.

Səfərin sonunda Ansaldo Energia şirkətinin nümayəndə heyəti ADA Universitetində olublar və  İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində ADA Universiteti, “AzərEnerji” ASC, Ansaldo Energia və Turin Universiteti arasında anlaşma memorandumu imzalanıb. Razılaşmaya əsasən “AzərEnerji”nin Şüvəlandakı “Şimal” Elektrik Stansiyasının ərazisində Tədris və Laboratoriya Mərkəzi yaradılacaq. Burada qlobal çağırışlara cavab verəcək yeni texnologiyaları çevik mənimsəyən, rəqabətqabiliyyətli, yüksəkixtisaslı peşəkar kadrların hazırlanması təmin ediləcək.