ADA Universiteti ilə “Azərenerji” arasında əməkdaşlıq beynəlxalq təcrübənin tətbiqinə şərait yaradır

Image

ADA Universitetinin Corc Vaşinqton Universiteti (ABŞ) ilə birgə təqdim etdiyi Elektrik və Elektroenergetika mühəndisliyi fakültəsinin tələbələri “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Vaşinqtondan vətənə yeni qayıdan tələbələrlə görüşdə ADA Universitetinin müəllim heyəti və “Azərenerji”nin əməkdaşları iştirak ediblər.

Corc Vaşinqton Universitetindəki akademik ili yeni başa vuran tələbələr orada əldə etdikləri bilik və bacarıqlarını “Azerenerji” ASC ilə bölüşüblər.

Daha sonra Baba Rzayev Azərbaycana yeni qayıtmış tələbələri təbrik edib və onlara “Azərenerji” ASC-nin dinamik fəaliyyəti və təşəbbüsləri haqqında ətraflı məlumat verib. O, “Azərenerji” ASC-nin enerji sektorunda gənc istedadların yetişdirilməsinə sadiqliyini vurğulayaraq, ADA Universiteti tərəfindən təqdim edilən bu ikili proqrama dəstək olmaqdan məmnunluğunu ifadə edib. “ADA Universiteti ilə əməkdaşlıq elektrik mühəndisliyi və enerji məsələləri üzrə beynəlxalq təcrübənin daha yaxından təhlilinə və ölkəmizdə tətbiqinə şərait yaradır”, – deyə o əlavə edib.

Tələbələrlə karyera ilə bağlı öz peşəkar tövsiyələrini bölüşən Baba Rzayev həm də elektrik enerjisi mühəndisliyində müasir trendləri əhatə edən mövzularda tələbələrin təqdim edəcəyi magistr dissertasiyalarına mütəxəssis rəyinin verilməsini təklif edib.

Qeyd edək ki, 2019-cu Ildə ADA Universiteti ilə “Azərenerji” ASC arasında anlaşma memorandumu imzalanıb və elektrik mühəndisliyi sahəsində kadr hazırlığının yüksək səviyyədə təşkili və ümumilikdə, bu sahənin potensialını genişləndirmək üçün birgə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

“Azərenerji” ASC tərəfindən maliyyələşdirilən magistr proqramının tələbələri ADA Universitetində üç semestr və ABŞ-ın Corc Vaşinqton Universitetində iki semestr olmaqla ümumilikdə beş semestr ərzində magistr təhsilini tamamlayırlar.