“Laçın” Qovşaq Yarımstansiyasının təməli qoyulub Prezident İlham Əliyev tədbirdə iştirak edib
Sentyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Laçın şəhərində inşa ediləcək 110/35/10 kV-luq “Laçın” Qovşaq Yarımstansiyasının təməlqoyma mərasimində iştirak edib.
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev Prezident İlham Əliyevə “Laçın” Qovşaq Yarımstansiyası haqqında məlumat verdi.
Bildirildi ki, Laçın şəhərinin və ətraf kəndlərin Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün şəhərin cənub girişində inşa olunacaq rəqəmsal yarımstansiya Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmış layihə üzrə tikiləcək. Ümumi gücü 80 meqavatamper olacaq bu yarımstansiya qovşaq funksiyasını daşıyacaq. Belə ki, Füzulidəki “Şükürbəyli” yarımstansiyasından çıxaraq “Cəbrayıl”, “Zəngilan”, “Qubadlı” yarımstansiyalarına, oradan isə “Güləbird” Su Elektrik Stansiyası ilə əlaqələnən 110 kV-luq ikidövrəli xətt, “Daşkəsən” yarımstansiyasından “Kəlbəcər” və “Qorçu” yarımstansiyalarına çəkilən 110 kV-luq ikidövrəli xətt, həmçinin “Şükürbəyli” yarımstansiyasından “Füzuli” və “Şuşa” yarımstansiyalarına gətirilən 110 kV-luq ikidövrəli xətt “Laçın” şəhər yarımstansiyası ilə əlaqələndiriləcək. Beləliklə, 44 günlük Vətən müharibəsindən sonra Qarabağda və Şərqi Zəngəzurda tikilən yarımstansiyaların və yeni çəkilən 400 kilometrdən çox yüksəkgərginlikli ikidövrəli xətlərin dairəvi elektrik təchizatı yaradılacaq. Bununla da, işğaldan azad olunmuş ərazilərdəki yüksəkgərginlikli xətlərdən birində qəza baş verərsə, dərhal digər istiqamətdən gələn xətt vasitəsilə oraya gərginlik veriləcək. Bununla da Qarabağda və Şərqi Zəngəzurda enerjinin verilişində fasilə yaranmayacaq.
Diqqətə çatdırıldı ki, strateji əhəmiyyətə malik bu yarımstansiyada müasir mikroprosessor tipli rəqəmsal idarəetmə, mühafizə və avtomatika sistemləri, sabit və dəyişən cərəyan qurğuları, 35 kV-luq və 10 kV-luq qapalı paylayıcı qurğular ilə təchiz olunmuş İdarəetmə Mərkəzi, ən müasir avadanlıqlardan ibarət 110 kV-luq açıq paylayıcı qurğu yaradılacaq, həmçinin işçi heyət üçün xüsusi yataqxana korpusu tikiləcək.
Yarımstansiyanın iş rejiminə real zamanda nəzarət olunması və göstəricilərin “Azərenerji” ASC-nin SCADA sisteminə ötürülməsi məqsədilə yerli mikro-SCADA dispetçer idarəetmə sistemi qurulacaq və enerjisistemin mərkəzi SCADA sisteminə inteqrasiya olunacaq.
“Laçın” Qovşaq Yarımstansiyasında yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə nasosxana binası, yanğın su hovuzu, qəza yağ tutumu, yanğından mühafizə və yanğın xəbərverici sistemləri də quraşdırılacaq.