“AzərEnerji” dənizdə böyük estakada tikir
Xəzərdə
su səviyyəsinin düşməsinə görə Şüvəlandakı “Şimal” ES kritik vəziyyətdən
çıxarılır
Xəzər dənizində
son 20 ildə su səviyyəsinin 2 metrə yaxın aşağı düşməsi ölkənin ikinci böyük
elektrik stansiyası olan və Bakının 40 faizdən artıq ərazisini elektrik
enerjisi ilə təchiz edən, Şüvəlan qəsəbəsində yerləşən “Şimal” Elektrik
Stansiyasının işini ciddi təhlükə ilə üzləşdirib. Məhz buna görə də, “Şimal”
Elektrik Stansiyasını yaxın perspektivdə dayanmaq təhlükəsindən çıxarmaq,
stansiyanı xilas etmək üçün təxirəsalınmaz şəkildə Xəzər dənizinin içərisinə
doğru soyuq suyu 8 metr dərinlikdən götürülməsinə imkan verən 540 metr
uzunluqda estakadanın və 2 yerdə su nasos stansiyalarının tikintisinə
başlanılıb. Nəzərə alınsa ki, su səviyyəsinin günü-gündən aşağı düşməsi
stansiyanın soyutma suyunun götürülməsində ciddi problem yaradırdı, o zaman
yaxın illərdə ən böyük həcmdə enerji istehsal edən və ümumi gücü 800 meqavat olan “Şimal-1” və
“Şimal-2” Elektrik Stansiyalarının yaxın perspektivdə fəaliyyətini tamamilə
dayandırması qaçılmaz olacaqdı. Yeni estakada və su nasos stansiyalarının
tikilməsi isə nəinki stansiyaları xilas edəcək, üstəlik daha dərinlikdən
götürüldüyünə görə soyutma suyu 2,6 dərəcə aşağı tempraturda olacaq. Yeni
estakada üzərində hər iki tərəfdən ümumilikdə 4 boru çəkiləcək və 2 nasos
stansiyasında 8 nasos fəaliyyət göstərəcək.
Yeni estakadanın
tikinti prosesi növbəli iş prinsipi əsasında aparılır. Qeyd edək ki, Xəzər
dənizində su səviyyəsinin düşməsinə görə yeni estakada və su nasos
srtansiyasının tikilməsi “Şimal” Elektrik Stansiyasından əvvəl “Sumqayıt”
Elektrik Stansiyasında uğurla həyata keçirilib, öz müsbət nəticəsini verib.
Sonda onu da qeyd edək ki, “Şimal” Elektrik
Stansiyasının yeni suqəbuledici kompleksinin tikintisini də xarici şirkətlər
deyil, yerli şirkət həyata keçirir və hazırda işlər tərtib edilmiş qrafiki bir
ay qabaqlayır. Bununla da nəhəng layihənin 2023-cü ilin ilk yarısında başa
çatması nəzərdə tutulur.