TƏMİR KAMPANİYASI DAVAM EDİR

Image

Cənub bölgəsinin elektrik enerjisinə olan tələbatının ödənilməsində mühüm rol oynayan “Şirvan Regional Elektrik Şəbəkəsi”ndə (REŞ) texniki  göstəricilərin daha da dayanıqlı vəziyyətdə fəaliyyətinin təmin edilməsi, o cümlədən mövsümə hazırlıq məqsədilə müvafiq tədbirlər həyata keçirilir.

“Azərenerji” ASC-nin Elektrik Enerjisinin Ötürülməsi İdarəsindən Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Neftçala, Salyan, Şirvan, Hacıqabul və Qaradağ rayonunun Ələt qəsəbəsinin inzibati ərazilərində yerləşən elektrik verilişi xətlərində cari ilin  I rübü ərzində görülmüş təmir işləri barəsində Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, adları çəkilən rayon və qəsəbələrdəki istehlakçıların davamlı elektrik enerjisi ilə təminatı kollektivin ən ümdə tapşırıqlarından biridir. Bu məqsədlə də 330 kV-lik 6-cı  “Cənub” elektrik verilişi xəttinin (EVX) 1,5 kilometri əsaslı təmir edilmiş, 80-ə yaxın izolyator yenisi ilə əvəz edilmişdir. Eyni zamanda sözügedən dövrdə 220 kV-lik 5-ci “Şirvan” və 6-cı “Masallı” HX-lərində müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş, o cümlədən həmin bu xətlərin ümumilikdə 500 metri təmir olunmuş, 20-dən artıq izolyator yenisi ilə əvəzlənmiş və bir dayaq təmir edilmişdir.

Qeyd edək ki, analoji təmir işləri 110 kV-lik EVX-lərdə də aparılmışdır. Belə ki, 110 kV-lik 2-ci “Sabirabad” hava xəttinin (HX) “Muğan-1” budaqlanmasında 1,5 kilometr xətt əsaslı təmir edilmiş və 110-a yaxın izolyator dəyişdirilmişdir. 1-ci “Salyan” HX-də bir kilometr xətt əsaslı təmir edilmiş və xəttin qalan hissəsində cari təmir işləri həyata keçirilmişdir. 2-ci “Salyan” HX-də isə xəttin əsaslı təmiri ilə yanaşı xətt boyu anker dayaqlarda ilgəklər təmir edilmişdir. Ümumiyyətlə, müəssisənin balans mənsubiyyətinə  aid olan sözügedən gərginlikli HX-lərdə  9 kilometrdən artıq xətt və 6 dayaq əsaslı təmir edilmiş, 660-dan artıq izolyator və 120-dən çox xətt armaturu yenisi ilə əvəz edilmişdir.

Yeri gəlmişkən, 35 kV-lik “Təzə Qaradağlı” HX-nin müəyyən hissəsi əsaslı təmir edilmiş və xəttin qalan hissəsində cari təmir işləri həyata keçirilmişdir. Ümumilikdə sözügedən gərginlikli EVX-lərdə 10 kilometrə yaxın xətt və 6 dayaq əsaslı təmir edilmiş, 60-dan artıq izolyator yenisi ilə əvəz edilmişdir.

Sonda onu da qeyd edək ki, digər enerji obyektlərində olduğu kimi, burada da yanğın təhlükəsizliyi məsələsi daima diqqət mərkəzində saxlanılır. Belə ki, müəssisənin bütün struktur bölmələrində könüllü yanğın dəstələri yaradılmış və yanğına qarşı qəza məşqləri keçirilmişdir.

EVX-lərin dayaqlarının ətrafı qurumuş otlardan, trassası isə yaşıl kütlədən təmişlənmişdir. Eyni zamanda digər qabaqlayıcı tədbirlər də görülmüşdür.