TƏDBİR KEÇİRİLDİ
Bu gün “Azərenerji” ASC-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbir iştirakçıları öncə inzibati binada Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoyaraq, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad etdilər.
Sonra tədbir Səhmdar Cəmiyyətin akt zalında davam etdirildi. Tədbiri giriş sözü ilə açan “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev Ulu Öndərin ölkəmizin inkişafı sahəsindəki xidmətlərindən danışdı.
Natiq qeyd etdi ki, bu gün Azərbaycanın malik olduğu müstəqil elektrik enerjisi sistemi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan, 8 enerji blokundan ibarət ümumi gücü 2400 MVt “Azərbaycan” İES-in birinci enerji bloku 1981-ci il oktyabrın 20-də istifadəyə verilmişdir. Bu möhtəşəm hadisə Azərbaycan energetikasının inkişafında yeni bir mərhələnin əsasını qoymuşdu. Prezident İlham Əliyevin 13 oktyabr 2004-cü il tarixli 446 saylı Sərəncamına əsasən, hər il oktyabrın 20-si “Energetiklər günü” kimi qeyd edilir.
Etibar Pirverdiyev onu da qeyd etdi ki, 1993-cü ilin iyununda xalqın istəyi və təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev həmin dövrdə elektrik enerjisi sisteminin böhrandan çıxarılması, onun maddi-texniki bazasının yeniləşdirilməsi və möhkəmləndirilməsi üçün məqsədyönlü, geniş miqyaslı tədbirlər həyata keçirmişdi. Bunun nəticəsidir ki, 3500 MVt-a yaxın generasiya gücü işə salınmışdır. Elektrik enerjisi istehsalı isə təxminən 12 milyard kilovatsaatdan 22 milyard kilovatsaatadək, yəni 1,8 dəfədən çox artmışdır. İqtisadiyyatın sürətli inkişafı, əhalinin həyat tərzinin yaxşılaşması sayəsində istehlak 11,3 milyard kilovatsaatdan 23 mlrd. kilovatsaata kimi, yəni 2 dəfədən çox artmışdır.
Hazırda bu strategiyanın cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və Azərbaycanın elektrik enerjisi sistemində mühüm islahatlar və geniş miqyaslı quruculuq işləri həyata keçirildiyini qeyd edən Etibar Pirverdiyev onu da bildirdi ki, Dövlət Başçımızın rəhbərliyi altında həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində son 11 il ərzində Azərbaycanın elektrik enerjisi sistemində 17 yeni elektrik stansiyası istismara verilmiş, 10 min kilometrdən çox elektrik verilişi xətləri və 1500-dən çox yarımstansiya inşa edilmiş və yenidən qurulmuşdur. 2006-cı ildən başlayaraq, hər bir ildə iki yeni elektrik stansiyası istifadəyə verilmişdir. Nəticədə 2300 meqavatdan artıq yeni generasiya gücləri əldə əldə edilmiş və respublikamız elektrik enerjisi ixrac edən ölkəyə çevrilmişdir.
Etibar Pirverdiyev onu da vurğuladı ki, bütün bunlar Heydər Əliyevin dövlətçiliyimizin möhkəmləndirilməsi, Azərbaycanın iqtisadi qüdrətinin artırılması, xalqımızın həyat səviyyəsinin yaxşılaşdırılması kimi mühüm istiqamətləri özündə birləşdirən müdrik siyasətinin nəticəsidir. Xalqımız Heydər Əliyevə bəslədiyi sevgi işığında daha da yüksələcək, Azərbaycan dövləti bütün məqsədlərini reallaşdıracaq, dünyanın ən azad, ən demokratik, maddi və mənəvi baxımdan ən zəngin dövlətləri sırasında öz layiqli yerini tutacaqdır.
Çıxışının sonunda Etibar Pirverdiyev son zamanlar müxtəlif istiqamətlərdə yüksək səviyyəli beynəlxalq tədbirlərin, o cümlədən ilk Avropa oyunlarının Azərbaycanda keçirilməsinı ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurlu nəticələri olduğunu bildirdi. Az bir müddətdə bu səviyyədə tədbirlərin keçirilməsini təşkil etmək hər bir dövlətin imkanları daxilində olmadığını, cənab İlham Əliyevin güclü iradəsi və Avropa oyunlarının təşkilat komitəsinin sədri ölkənin birinci xanımı Mehriban Əliyevanın böyük təşkilatçılıq qabiliyyəti sayəsində bu oyunlara hazırlıq vaxtından əvvəl başa çatdırıldığını qeyd edərək Etibar Pirverdiyev onu da bidirdi ki, bəzi qarayaxma kompaniyalarına baxmayaraq, bu oyunların yüksək səviyyədə həyata keçiriləcəyinə tam əminik və bunun üçün Ölkə Prezidenti cənab İlham Əliyevə və onun xanımı Mehriban Əliyevaya dərin minnətdarlığımızı bildiririk.
Sonra Milli Məclisin deputatı Aydın Mirzəzadə tədbirdə çıxış edərək, Ulu Öndər Heydər Əliyevin çoxşaxəli dövlətçilik fəaliyyətindən, müstəqil dövlət quruculuğundakı misilsiz xidmətlərindən bəhs edib. Dahi şəxsiyyət və qüdrətli siyasi lider kimi Heydər Əliyevin Azərbaycan tarixindəki rolundan geniş söhbət açan millət vəkili Ulu Öndər tərəfindən əsası qoyulan və on bir ildən artıq bir müddətdə Prezident İlham Əliyev tərəfindən davam etdirilən dövlət quruculuğu siyasətinin bütün sahələrdə dövlətimizin təhlükəsizliyini tam təmin etdiyini vurğrlayıb, uğurlu iqtisadi siyasətin, o cümlədən enerji siyasətinin ölkəmizin dinamik inkişafına, xalqımızın rifahının daha da yüksəldilməsinə möhkəm zəmin yaratdığını bildirdi.
Tədbirdə çıxış edən digər natiqlər Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə respublika iqtisadiyyatının inkişafı, o cümlədən elektrik enerjisi sistemində görülmüş işlər və əldə olunmuş nailiyyətlərdən danışdılar. O da qeyd edildi ki, son illər həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkəmiz elektrik enerjisi idxalından azad olmuş, enerji sisteminin təhlükəsizliyi təmin edilmişdir. Eyni zamanda, mövcud stansiyalar modernləşdirilmiş, dünya standartlarına cavab verən müasir qurğu və avadanlıqlarla təchiz edilmişdir.