“ŞƏKİ” ES: TEXNİKİ QULLUQ İŞLƏRİ UĞURLA DAVAM ETDİRİLİR
“Azərenerji” ASC-nin Enerjinin İstehsalı İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, Şəki Elektrik Stansiyasında cari ilin sentyabr ayında 16,4 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.
2016-cı ilin 9 ayı ərzində isə bu elektrik stansiyasında 165,9 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.
Avadanlıqların iş səmərəliliyinin artırılması və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilmişdir.
Enerji istehsalı üzrə verilmiş dispetçer tapşırıqlarının yerinə yetirilməsi ilə yanaşı stansiyanın mövsümə hazırlığı da diqqət mərkəzindədir. Avadanlıqların keyfiyyətli istismarının təşkil edilməsi qəza və imtinaların sayının minimuma endirilməsi üçün qabaqlayıcı tədbirlər həyata keçirilib və bu proses bu gün də davam etdirilir.
2016-cı ilin son üç ayı ərzində Şəki ES-də olan porşen tipli aqreqatlarda istismar həddinə uyğun aparılan texniki qulluq işləri zamanı soyutma və yağlama sistemlərində yaranan nasazlıqlar aradan qaldırılmışdır. Eyni zamanda bir aqreqatda təmir işləri başa çatdırılmışdır.
10 aqreqatdan ibarət, ümumi gücü 87 MVt olan bu elektrik stansiyası 2006-cı ildə istismara verilmişdir.