AĞACƏKMƏ KAMPANİYASI KEÇİRİLDİ
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2004-cü il tarixli sərəncamı ilə Azərbaycan elektrik enerjisi sisteminin çoxsaylı kollektivi oktyabr ayının 20-sini peşə bayramı kimi qeyd edir. Hər il olduğu kimi energetiklər peşə bayramını yenə böyük ruh yüksəkliyi ilə qarşılayırlar.
Bayram tədbiri Fəxri xiyabanda Ulu Öndərin məzarının və Şəhidlər xiyabanının ziyarəti ilə başlandı və ağacəkmə kompaniyası ilə davam etdirildi.
“Azərenerji” ASC-nin Mətbuat Xidməti bildirir ki, “Yaşıllaşdırma Proqramı”na uyğun olaraq ağacəkmə kompaniyası bu gün Abşeron yarımadasının Şüvələn qəsəbəsində yerləşən “Şimal” elektrik stansiyasında həyata keçirilir.
Qeyd edək ki, buranın torpaq örtüyü qumluqdur. Qışı mülayim, yayı quraq keçən yarımsəhra və quru-çöl iqlimidir. İqlim və torpaq şəraitinə müvafiq olaraq dərman rozmarini, eldar şamı, zeytun və digər ağacların əkilməsi məqsədəuyğundur.
Burada ağac əkiləcək sahə 3 hektar, bu gün əkilən zeytun və şam ağaclarının sayı isə 4 min ədədə yaxındır.
Tədbirdə iştirak edən “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev qeyd etdi ki, Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə respublikanın ekoloji problemlərini həmişə xüsusi diqqətdə saxlamış, ətraf mühitin mühafizəsi ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirmişdir. Ulu Öndərin uzaqgörən siyasəti, o cümlədən, ekologiya sahəsində müəyyən etdiyi strategiya Möhtərəm Prezidentimiz cənab İlham Əlitev tərəfindən bu gün də uğurla davam etdirilir.
Ölkəmizin ekologiya və biomüxtəlifliyinin mühafizəsi naminə səmərəli fəaliyyət göstərən Heydər Əliyev Fondunun vitse–prezidenti, İDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə bu sahədə böyük uğurlar qazanılıb. İDEA İctimai Birliyi təsis edildiyi gündən həyata keçirdiyi genişmiqyaslı ağacəkmə aksiyası çərçivəsində ölkə ərazisində yüz minlərlə ağac əkilib. Bu proses hazırda da ölkəmizdə uğurla davam edir.
“Azərenerji” ASC də bu istiqamətdə (tabe müəssisələrinin ərazilərinin abadlaşdırılması, yaşıllaşdırılması və s.) “Yaşıllaşdırma Proqramı” tərtib etmişdir. Həmin bu proqramda tabe müəssisələrin yerləşdiyi ərazilərin iqlimi, torpaq quruluşu və s. nəzərə alınmaqla həmin mühitə uyğun və xas olan bitkilər müəyyənləşdirilmiş və eyni zamanda bunların əkilməsi üçün yararlı və boş sahələr, həmçinin əkiləcək ağacların sayı dəqiqləşdirilmişdir. “Yaşıllaşdırma Proqramı”nda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının təbii iqlim zonalarının temperatur dəyişmələri nəzərə alınaraq, ağacların əkilməsi müddəti müəyyənləşdirilmişdir.
Energetiklərin yaşıllıqların artırılması istiqamətində artıq ənənə halını almış tədbirləri bu dəfə “Şimal”, “Cənub”, “Sumqayıt” Elektrik Stansiyalarında və “Mingəçevir” Su Elektrik Stansiyasında davam etdirilmişdir. Tədbir çərçivəsində mövcud yaşıllıqlara qulluq göstərilmiş, ümumilikdə 6 min ədəddən artıq, o cümlədən Cənub, Sumqayıt Elektrik Stansiyalarında və Mingəçevir Su Elektrik Stansiyasında 2 minə yaxın eldar şamı, çinar ağacı əkilərək onların sahəsi artırılmışdır. Aqrotexniki qaydalara uyğun, səliqə ilə əkilən tinglərin dibləri bərkidilmiş və suvarılmışdır.
Energetika obyektlərində ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin təmin edilməsi məqsədilə yaşıllıqların artırılması, yeni ağacların əkilməsi istiqamətində tədbirlər bundan sonra da davam rtdiriləcəkdir. Ümumilikdə, cari ildə əkiləcək ağacların sayının 20 minə yaxın olacağı gözlənilir.
Xatırladaq ki, “Azərenerji” ASC-də ətraf mühitin yaxşılaşdırılmasına imkan verən texnologiyaların da tətbiqi istiqamətində müvafiq tədbirlər mütəmadi həyata keçirilir. O cümlədən, Sumqayıtda istifadəyə verilmiş yeni 525 MVt-lik “Sumqayıt” elektrik stansiyası Təmiz İnkişaf Mexanizmi prinsipi ilə istismar olunur. Eyni zamanda, bərpa olunan enerji mənbəyi kimi hidroenergetikanın inkişafı, o cümlədən kiçik su elektrik stansiyalarının tikilməsi və yenidən qurulması istiqamətində layihələr həyata keçirir.