“XIZI” EŞ-DƏ QIŞ HAZIRLIĞI
Respublika ərazisində fəaliyyət göstərən enerji obyektlərində həyata keçirilən təmir-bərpa işləri onu deməyə imkan verir ki, fövqəladə hallar istisna olmaqla qış mövsümündə istehlakçılar elektrik enerjisindən istifadə zamanı problemlə qarşılaşmayacaqlar.
Qeyd edək ki, bu baxımdan Bakının ətrafı, rayon, kənd və qəsəbələr xüsusi diqqət mərkəzindədir.
Ölkənin gözəl guşələrindən biri hesab edilən Xızı rayonunun enerji təchizatında müstəsna rolu olan eyni adlı elektrik şəbəkəsi də bu qəbildən olan ərazi vahidlərindəndir ki, burada yaşayan əhalinin elektrik enerjisi ilə dayanıqlı təminatı həmişə gündəmdə olub.
Xızı Elektrik Şəbəkəsindən “Azərenerji” ASC-nin Mətbuat xitmətinə daxil olan məlumata əsasən, deyə bilərik ki, rayon və onun ətraf zonalarını qidalandıran elektrik verilişi xətləri (EVX) və transformator məntəqələri müntəzəm olaraq yoxlanılır və lazımi tədbirlər yerinə yetirilir.
Məsələn, Elektrik Şəbəkəsinə mənsub olan “Giləzi” transformator məntəqəsində sıradan çıxmış 1 ədəd 160 kVA transformatorun yenisi ilə əvəz edilməsi, digər 63 kVA transformatorun Altı-ağac qəsəbəsində quraşdırılması, eynigüclü transformatorun Vərdah kəndində quraşdırılması yüksək keyfiyyətdən xəbər verir.
Onu da qeyd edək ki, “Tıxlı”, “Altı-ağac-Yarımca”, “Altı-ağac- Qarabulaq” “Baxışlı”, Xızı icra hakimiyyəti hava elektrik verilişi xətlərində 4500 metrə yaxın yeni naqil çəkilmiş və yeni elektrik dayaqları basdırılmışdır.
Bundan əlavə, cari ildə təmir qrafikinə uyğun olaraq müxtəlif saylı transformator məntəqələrində əsaslı və cari təmir işləri yerinə yetirilmiş, 10 kV-lik Altı-ağac –Yarımca hava elektrik verilişi xətlərində dayaqlararası naqillər tarımlanmış, əyilmiş və sınmış dayaqlar bərpa edilmişdir.
Cari təmir işləri 6 kV-lik Azenerji-Sitalçay hava elektrik verilişi xəttində də aparılmışdır.
Qeyd edək ki, yeni naqillərin çəkilişi və dayaqların basdırılması qış fəslində gözlənilən buzlaşmadan sınma və sıradan çıxma hallarının qarşısının alınmasında mühüm rol oynayır.