ELEKTRİK ENERJİSİNDƏN QEYRİ QANUNİ İSTİFADƏ HALLARININ QARŞISI ALINIR

Image

İstehlakçıların “Elektrik enerjisindən istifadə qaydaları”na riayət etmələrinin yoxlanılması istiqamətində keçirilən reydlər zamanı sayğacın üst və ya alt qapaqlarına müvafiq dövlət qurumları tərəfindən vurulmuş möhürlərin pozulması, baxış şüşələrinin sındırılması və digər pozuntu hallarına rast gəlinir. Elektrik enerjisində qeyri-qanuni istifadə hallarının qarşısının alınması istiqamətində reydlər müntəzəm olaraq keçirilir.

“Azərenerji” ASC-nin Mətbuat xidmətinə “Bağlar” elektrik şəbəkəsindən (EŞ) daxil olan məlumata görə, cari ilin sentyabr ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 49 istehlakçının (bunun 35-i məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) sayğac uçot komplektində qüsur aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 186,6 min kilovatsaatdan artıq (bunun 57,2 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 11,2 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin müəyyən qisminin ödənişi təmin edilmişdir.

Qeyd edək ki, cari ilin 9 ayı ərzində isə aşkar edilmiş 502 qayda pozuntusuna görə (bunun 465 ədədi məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) 2 milyon 304 min kilovatsaata yaxın (bunun 1 milyon 784,8 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 138,2 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 93 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

“Xızı” EŞ-dən əldə edilən məlumata görə, burada cari ilin 9 ayı ərzində keçirilmiş reydlər zamanı 71 istehlakçının (bunun 65 ədədi məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilərək müvafiq qaydada aktlar tərtib edilmişdir. Aktlar üzrə hesabat aparılaraq 281,9 min kilovatsaatdan artıq (bunun 226,9 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 17 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 63 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Mənbəyə istinadən onu da qeyd edək ki, cari ilin sentyabr ayında isə müəssisənin xidməti ərazisində 2 qayda pozuntusu (bu da abonent (qeyri əhali) istehlakçılar qrupuna aiddir) aşkar edilərək 3,3 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 197 manatdan artıq istehlak dəyəri bərpa edilmişdir.