“ŞİRVAN İES”: TƏMİR İŞLƏRİ DAVAM ETDİRİLİR
Uzun müddətdir ki, fəaliyyətdə olan stansiyanın avadanlıqlarının daim işlək vəziyyətdə
saxlamaq böyük zəhmət tələb etsə də energetiklərimiz bu işlərin öhdəsindən çox bacarıqla gəlir və avadanlıqları qəzasız işlətmək üçün var qüvvələri ilə çalışırlar. Xatırladaq ki, qoyuluş gücü 1050 MVt olan “Şirvan İES” 1962-ci ildən istismardadır.
“Şirvan İES”dən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda bu barədə geniş danışılır.
Mənbənin bildirdiyinə görə, cari ilin payız-qış mövsümünə hazırlıq məqsədilə burada xeyli sistem əhəmiyyətli işlər yerinə yetirilib. Belə ki, 2011 və 2012-ci illər üçün hazırlanmış tədbirlər planına uyğun olaraq İES-də fəaliyyətdə olan 3 və 4 saylı enerji blokları orta təmir, 2 saylı enerji blokunda isə növbədənkənar əsaslı təmir işləri aparılmışdır.
Qeyd edək ki, digər 5 saylı enerji blokunda aparılan əsaslı təmir işləri hazırda davam edir.
İES-dən verilən məlumatda 1,3,6 və 7 saylı yarımstansiya kompressorlarının, 220 kV-lik III “Masallı” hava elektrik verilişi xəttinin hava açarının, 220 kV-lik və 110 kV-lik hissələrdəki transformatorların hava açarları əsaslı təmir edilərək normal iş rejiminə gətirilib.
110 kV-lik II “Cənub” hava elektrik verilişi xəttinin hava açarındakı əsaslı təmir işləri isə hazırda davam edir.
Tədbirlər planına daxil edilmiş 1 və 6 saylı dövran nasoslarının və 1 saylı şəffaf su nasosunun əsaslı təmiri də uğurla başa çatdırılırb.
Stansiyanın xidməti binalarında da müxtəlif təyinatlı təmir işləri icra edilmişdir .
Mənbədən onu da bildirdilər ki, İES-in kollektivi enerji bloklarının fasiləsiz və dayanıqlı işləməsi üçün zəruri olan bütün tədbirləri yerinə yetirməyə var qüvvəsi ilə çalışır.
Sonda məlumat üçün bildirək ki, sözügedən enerji obyektində cari ilin sentyabr ayında 231,3 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal olunmuşdur. Bu da proqnozlaşdırıldığından 299,4 min kilovatsaat çoxdur.
Onu da qeyd edək ki, cari ilin 9 ayı ərzində isə 1 milyard 936,5 milyon kilovatsaat proqnoza qarşı, 1 milyard 945,8 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir. Avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsinin və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində digər texniki göstəricilər üzrə də yüksək göstəricilər əldə edilmişdir.