ŞƏBƏKƏ MÖVSÜMƏ HAZIRDIR
Ötürücü infrastrukturun səmərəli fəaliyyətinin təmin edilməsi elektrik enerjisinin istehlakçılara dayanıqlı şəkildə keyfiyyətlə çatdırılması üçün mühüm şərtdir. Bu məqsədlə son illərdə paylayıcı elektrik şəbəkələrində görülən işlərin həcmi xeyli genişləndirilib.
“Azərenerji” ASC-nin Mətbuat xidmətinə Salyan Elektrik Şəbəkəsindən (EŞ) daxil olan məlumata görə, müəssisənin xidməti ərazisində qış mövsümünə hazırlıq məqsədilə bir sıra təmir işləri yerinə yetirilib. O cümlədən, bir kilometr uzunluğunda 10 kV-lik yeni elektrik verilişi xətti (EVX) çəkilmiş, 19 kilometrə yaxın xətt isə əsaslı təmir edilmişdir. Eyni zamanda sayğac uçot komplektinə nəzarəti gücləndirmək məqsədilə yenidənqurma işləri aparılmış və 18 kilometrə yaxın 0,4 kV-lik xətt “SİP” tipli kabellə əvəz edilmişdir. Bundan əlavə “smart” tipli kart sayğaclarının quraşdırılması üçün sayğacların girişinə ümumilikdə 9 kilometrə yaxın uzunluğunda koaksial kabel çəkilmişdir.
Qeyd edək ki, təmir qrafikinə uyğun olaraq 3,2 kilometrdən artıq 10 kV-lik xətt yenidən qurulmuş, 400-dən artıq transformator məntəqəsində (TM) yenidənqurma işləri aparılmış, 11 kilometrə yaxın 0,4 kV-lik xətdə isə əsalı təmir işləri həyata keçirilmişdir.
Lənkəran EŞ-dən əldə etdiyimiz məlumata görə, burada da müvafiq təmir-bərpa işləri aparılmışdır. O cümlədən, 52 ədəd TM əsaslı təmir edilmiş, 23 ədəd TM-də isə yenidənqurma işləri aparılmışdır. Eyni zamanda 6,3 kilometrdən artıq 10 kV-lik, 13 kilometrdən çox 0,4 kV-lik xətlərdə əsaslı təmir işləri görülmüşdür.
Onu da qeyd edək ki, “smart” tipli kart sayğaclarının quraşdırılması məqsədilə sayğacların girişinə 35 kilometrə yaxın uzunluqda koaksial kabel çəkilmiş, 47 kilometrdən artıq 0,4 kV-lik xətt “SİP” tipli kabellə əvəz edilmiş, 4 kilometrdən çox 10 kV-lik xətt yenidən qurulmuşdur.
Mənbədən əldə etdiyimiz digər bir məlumatda o da bildirilir ki, ümumi gücü 900 KVA olan 3 ədəd TM istismara verilmiş, 6,3 kilometrdən artıq 10 kV-lik, 10 kilometrdən çox isə 0,4 kV-lik xətlərdə yenidənqurma işləri başa çatdırılmışdır.
Lerik EŞ-də də müvafiq təmir-bərpa işləri aparılmışdır. Bu enerji təsərrüfatında da “smart” tipli kart sayğaclarının quraşdırılması məqsədilə sayğacların girişinə 300 metr uzunluqda koaksial kabel çəkilmiş, 1,5 kilometrdən artıq 10 kV-lik EVX yenidən qurulmuş, 280 metr 0,4 kV-lik xətt “SİP” tipli kabellə əvəz edilmiş, 1,5 kilometr 10 kV-lik, 440 metr 0,4 kV-lik EVX çəkilmişdir.
Onu da qeyd etmək yerinə düşərdi ki, 37 ədəd TM-də, 74 kilometrə yaxın 10 kV-lik, 25 kilometrə yaxın isə 0,4 kV-lik xətlərdə əsaslı təmir işləri aparılmışdır.
Sonda onu da qeyd edək ki, həyata keçirilən təmir-bərpa işləri nəinki istismar səviyyəsinin daha da yüksəldilməsinə, eyni zamanda enerji haqlarının ödənilməsində də mühüm rol oynayır.