"SARICALAR" YARIMSTANSİYASI BƏRPA OLUNUB
“Saatlı Elektrik Şəbəkəsi”ndə istismarın səviyyəsini yüksəltmək üçün rayon mərkəzində, ətraf kənd və qəsəbələrdə enerji təsərrüfatında yenidənqurma işləri aparılır: SİP-kabellər çəkilir, yeni transformator məntəqələri quraşdırılır, zərurət yaranan yerlərdə daha keyfiyyətli dayaqlar basdırılır.
“Saatlı” EŞ-dən “Azərenerji” ASC-nin məlumatına görə, indiyədək rayon ərazisində ümumilikdə 203 kilometr uzunluğunda SİP-kabel çəkilib, 6500 ədəd smart-kart tipli sayğac quraşdırılıb. Eyni zamanda, kənd yerlərində elektron sayğacların quraşdırılması davam etdirilir. Hazırda daimi əhali qrupu abonentləri üçün ümumilikdə 500-ə qədər bu tip sayğacların quraşdırılması planlaşdırılıb.
Qeyd edək ki, şəbəkə üzrə payız-qış mövsümünə hazırlıq çərçivəsində görülən ən mühüm işlərdən biri təxminən 5 min abonentin qidalandırıldığı 110/35/10 kilovoltluq "Sarıcalar" yarımstansiyasında 25 MVA gücündə transformator şəbəkəyə qoşulub. Digər hissələri qidalandıran 20 və 16 MVA gücündə transformatorlar da əsaslı təmir edilib və sistemə qoşulub. Bütün bunlar istehlakçıları daha da dayanıqlı elektrik enerjisi ilə təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Onu da qeyd edək ki, yarımstansiyalarla paralel olaraq, elektrik verilişi xətlərində də nəzərdə tutulan zəruri tədbirlər lazımi səviyyədə icra olunub. Eyni zamanda şəbəkədə elektrik enerjisindən qeyri-qanuni istifadə hallarının qarşısının alınması məqsədilə davamlı olaraq gecə və gündüz saatlarında reydlər keçirilir. Şəbəkəyə qeyri-qanuni müdaxilə edənlərə qarşı mövcud qanunvericilik çərçivəsində müvafiq tədbirlər görülür.