“ŞIRVAN” REŞ-DƏ DƏ TƏMİR KAMPANİYASI DAVAM EDİR

Image

Cənub bölgəsinin elektrik enerjisinə olan tələbatının ödənilməsində mühüm rol oynayan “Şirvan Regional Elektrik Şəbəkəsi”ndə (REŞ) texniki  göstəricilərin daha da dayanıqlı vəziyyətdə fəaliyyətinin təmin edilməsi, o cümlədən qış mövsümünə hazırlıq məqsədilə müvafiq tədbirlər həyata keçirilir. Şəbəkədən Şirvan, Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Neftçala, Salyan, Hacıqabul və Qaradağ rayonunun Ələt qəsəbəsinin inzibati ərazilərində yerləşən elektrik verilişi xətlərində və yarımstansiyalarında  cari ilin  son üç ayı ərzində görülmüş cari və əsaslı təmir işləri barəsində “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, adları çəkilən rayon və qəsəbələrdəki istehlakçıların davamlı elektrik enerjisi ilə təminatı kollektivin ən ümdə tapşırıqlarından biridir. Bu məqsədlə də 330 kV-lik III, IV “Şirvan”, 220 kV-lik I, II  “Şirvan” və III “Masallı” elektrik verilişi xətlərində (EVX) xətt əsaslı təmir edilmiş, 140-dan çox izolyator və 74 ədəd xətt armaturu yenisi ilə əvəz edilmişdir. 110 kV-lik III “Ələt”, II, III və IV “Sabirabad”, II “Lənkəran” və digər daha 6 hava xətlərinin (HX) ümumilikdə 64 kilometrə yaxın hissəsi əsaslı təmir edilmiş, 88 xətt armaturu və 120-dən artıq izolyator dəyişdirilmişdir.

Qeyd edək ki, analoji təmir işləri 35 kV-lik EVX-lərdə də aparılmış və burada sözügedən dövr ərzində 9 kilometrdən artıq xətt əsaslı təmir edilmiş, 66-dən artıq izolyator və 50-yə yaxın xətt armaturu yenisi ilə əvəz edilmişdir. Eyni zamanda 5 ədəd dayaq əsaslı təmir edilmişdir.

Yeri gəlmişkən, 35 kV-lik EVX-lərdə isə bu göstəricilər müvafiq olaraq 29 kilometrə yaxın, 235 və 100 ədəd olmuşdur. Eyni zamanda burada 3 ədəd dayaq yenisi ilə əvəz edilmişdir.

Mənbədən əldə etdiyimiz digər bir məlumata görə isə, 220 kV-lik “Masallı”, 110 kV-lik “Salyan” yarımstansiyalarında yağ açarlarının eleqaz açarlarla əvəz edilməsi işi həyata keçirilmişdir.

Onu da qeyd etmək yerinə düşərdi ki, müəssisənin balans mənsubiyyətinə aid olan “Cənub”, “Muğan”, Masallı, “Neftçala”, “Salyan”, “Lerik” və digər yarımstansiyalarda müxtəlif güclü transformatorlar təmir edilərək normal iş rejiminə gətirilmişdir.

Sonda onu da qeyd edək ki, müəssisənin balans mənsubiyyətinə aid olan 35 kV-lik “Xammal-2” yarımstansiyasında bir ədəd 3,2 MVA transformator quraşdırılmışdır.