AVADANLIQLAR NÖVBƏTİ MÖVSÜMƏ HAZIRDIR

Image

Ölkə ərazisində fəaliyyət göstərən enerji təsərrüfatlarında istehlakçıların keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi istiqamətində ənənəvi təmir-bərpa işləri yerinə yetirilir. “Azərenerji” ASC-nin Mətbuat xidmətinə Şabran Elektrik Şəbəkəsindən (EŞ) daxil olan məlumata görə, müəssisənin xidməti ərazisində qış mövsümünə hazırlıq məqsədilə bir sıra təmir işləri yerinə yetirilib. O cümlədən, “Rəhimli” yarımstansiyasından qidalanan 10 kV-lik “Ağalıq” hava xəttinin (HX) 1,5 kilometri yenidən qurulmuşdur. Bu məqsədlə də 28 ədəd yeni dayaq basdırılmışdır. Eyni zamanda 10 kV-lik “Düzbilici” HX-də 9 ədəd dəmir-beton və bir ədəd ağac dayaq basdırılmışdır. Ümumiyyətlə, 10 və 6 kV-lik HX-lərdə aparılmış təmir işləri zamanı 34 ədəd dəmir-beton, 2 ədəd metal, 13 ədəd ağac dayaq quraşdırılmış, 7 kilometrə yaxın naqil, 10 kilometr kabel və 320 ədəd izolyator quraşdırılmışdır.

Qeyd edək ki, 10 kV-lik 2 dövrəli “Şəhər” HX-nin 150 metri yeraltı kabael xətti ilə əvəz edilmişdir. Şəhərin Sülh və H.Nağıyev küçələrində 0,4 KV-lik HX-lərinin 500 metri “SİP” tipli kabel xətlərilə əvəz edilməsi işləri başa çatdırılmışdır. Ümumiyyətlə, 0,4 kV-lik xətlərdə aparılmış təmir işləri çərçivəsində 39 ədəd ağac, 10 ədəd metal dayaq və 210-dan artıq izolyator quraşdırılmışdır.

Onu da qeyd edək ki, 18 ədəd TM-də əsaslı təmir işləri görülmüş və 30 ədəd 0,4 kV-lik ayrıcı quraşdırılmışdır. 91 ədəd TM-də isə cari təmir işləri aparılmışdır. Eyni zamanda bir ədəd yeni TM quraşdırılıb istifadəyə verilmişdir. Bütün bunlarla yanaşı texnoloji itkiləri azaltmaq və transformatorlardan səmərəli istifadə etmək məqsədilə transformatorların gücləri ilə yüklərinin uyğunluğuna baxış keçirilmiş və Liman, Çölquşçu, Zeyvə, Rəhimli kəndlərində yükə uyğun yeni transformatorlar quraşdırılmışdır.

Siyəzən EŞ-dən əldə etdiyimiz məlumata görə, bu enerji təsərrüfatlarında da müvafiq hava elektrik verilişi xətləri və onların avadanlıqları, TM-lər cari və əsaslı təmir edilərək növbəti mövsümə hazır vəziyyətinə gətirilib. Belə ki, Kiçik Həmyə, Zarat kəndlərində və şəhərin bir neçə küçəsində ümumi gücü 2,1 MVA-dan artıq olan 7 ədəd transformator təmir edilərək şəbəkəyə qoşulmuşdur. Eyni zamanda EVX-lərdə naqillərin dartılması, dayaqların düzəldilməsi, xətt boyunca ağacların kəsilməsi və budanması işləri də həyata keçirilmişdir.

Onu da qeyd etmək yerinə düşərdi ki, 10 kV-lik “Çınqıl zavod” HX-də 25 ədəd dayaq dəyişdirilmişdir. Analoji işlər 6 kV-lik “Təmir tikinti”, “Kondensator”, 0,4 kV-lik “Eynibulaq”, “Ağbaş”, “Yenikənd” və digər xətlərdə də aparılmış və ümumilikdə 20-yə yaxın dayaq dəyişdirlmişdir. Eyni zamanda sözügedən HX-lərdə 9 kilometrə yaxın naqil yenisi ilə əvəz edilmişdir.

Yeri gəlmişkən, rayonların enerji təchizatının daha dayanıqlı təmin edilməsi istiqamətində görülən işlər davam etdirilir. Hazırki iqlim şəraitini nəzərə alaraq  və yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə TM və KTM-lərin ərazisi quru otlarından təmizlənmiş, yanğınsöndürmə postları yoxlanılmış və komplektləşdirilmişdir. Eyni zamanda yağ tutumlu avadanlıqların alt hissəsindəki yağ çınqıllar yeni təmiz çınqıllarla əvəz edilmişdir.