REYDLƏR NƏTİCƏ VERİR
“Azərenerji” ASC-nin Mətbuat xidmətinə Şirvan elektrik şəbəkəsindən (EŞ) daxil olan məlumata görə, 2011-ci ilin oktyabr ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 13 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 6,5 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 388 manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğlə yanaşı ötən ayların aktlarına görə yaranmış debitor borcun da müəyyən qisminin ödənişi təmin edilmişdir.
Qeyd edək ki, cari ilin 10 ayı ərzində isə burada 30 qayda pozuntusu faktı aşkar edilərək akt tərtib olunmuş, 3 milyon 247,2 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 194,8 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin də 12 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Yardımlı EŞ-in xidməti ərazisində cari ilin oktyabr ayında keçirilmiş reydlər zamanı 6 qayda pozuntusu faktı aşkar edilərək müvafiq qaydada aktlaşdırılmışdır. Aktlar üzrə hesabat aparılaraq 15,6 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 935 manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 23 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir.
Ümumiyyətlə, burada 2011-ci ilin 10 ayı ərzində 19 qayda pozuntusu faktı aşkar edilərək 74,6 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 4,4 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində həmin bu məbləğin 21,3 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Yeri gəlmişkən, mənbələrdən qayda pozuntularının təsnifatı və istehlakçı qrupu barədə əldə etdiyimiz məlumata istinadən onu da bildirək ki, yenə də elektrik enerjisindən kənar xətt vasitəsilə istifadə edilməsi halı üstünlük təşkil etmiş və ən çox qayda pozuntusu məişət abonenti (əhali) istehlakçı qrupunda aşkar edilmişdir.