QƏNAƏTBƏXŞ NƏTİCƏLƏR ƏLDƏ EDİLİR

Image

Ən müasir texnologiyaların tətbiqi ilə daxili imkanlar hesabına tikilərək istifadəyə verilmiş “Astara” elektrik stansiyasında aqreqatların dayanıqlı işi ilə əlaqədar növbəti planlı istismar həddinə uyğun texniki xidmət yerinə yetirilmiş, payız-qış mövsümü ilə əlaqədar olaraq lazımi miqdarda sürtkü yağları və kimyəvi reagentlər ehtiyatı toplanmışdır. Hal-hazırda aqreqatlar dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir.

Elektrik stansiyasından  “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda belə qeyd edilir.

Enerji obyektindən bildirilir ki, cari ilin son 3 ayı ərzində 1, 5, 6, 7, 9 və 10 saylı  aqreqatlarda istismar həddinə uyğun növbəti texniki qulluq yerinə yetirilib. Bundan əlavə 2 sayllı aqreqatın soyutma sistemi kimyəvi reagentlərlə yuyulmuş və sentrafuqa qurğusu təmir edilmişdir. Eyni zamanda 9 saylı aqreqatın hava soyuducusu təmir edilmişdir.

Qeyd edək ki, mövcud mövsümlə əlaqədar olaraq sel sularının qarşısının alınması məqsədilə stansiyanın ərazisindən və ətrafından keçən kanallar genişləndirilmiş və təmizlənmişdir.

Stansiyada yanğın təhlükəsizliyi məsələləri də daima diqqət mərkəzindədir. Belə ki, stansiyada yanğın təhlükəli obyektlərə  mütəmadi olaraq baxış keçirilir, qeydə alınan ən kiçik nasazlıqlar belə aradan qaldırılır.

Mənbədən o da bildirilir ki, stansiyada cari ilin 10 ayı ərzində  proqnozlaşdırılan eneri istehsalından təxminən 7 milyon kilovatsaat artıq elektrik enerjisi istehsal edilmişdir. Belə ki, qeyd edilən müddət ərzində burada 208 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib.

Səmərəlilik baxımından yüksək standartlara cavab verən “Astara” elektrik staniyasında digər texniki iqtisadi göstəricilər üzrə də yüksək nəticələr əldə edilib.

Yeri gəlmişkən, stansiyada ötən ay da uğurlu nəticə əldə edilmişdir. Daxil olan məlumata əsasən oktyabr ayı ərzində enerji obyektində 24 min kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib.

Mənbədən onu da bildirdilər ki, enerji avadanlıqlarının təmir-bərpa işləri ilə yanaşı işçilərin iş şəraitinin yaxşılaşdırılmaı məqsədilə izibati və yardımçı binalarin da təmirinə xüsusi diqqət yetirilmişdir.

Xatırladaq ki, 10 aqreqatdan ibarət, ümumi gücü  87 MVt olan bu stansiya 2006-cı ilin fevral ayında istismara verilmişdi.