“BEYLƏQAN EŞ”: KOLLEKTİV MÖVSÜMƏ HAZIRDIR
"Şəbəkədə "Azərenerji" ASC tərəfindən cari il üçün tərtib olunmuş qrafikə uyğun olaraq bütün işlər yüksək səviyyədə icra olunub. Yarımstansiya və hava xətləri üzrə nəzərdə tutulan işlər əsasən yekunlaşıb. Nəticə etibarı ilə payız-qış mövsümünə hazırlıq tədbirləri başa vurulub.
“Beyləqan Elektrik Şəbəkəsi”ndən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, şəbəkənin xidməti ərazisi 2 ədəd 110 kilovoltluq xətdən qidalanır. Bunlar "Beyləqan" və "Xalac" xətlərindən ibarətdir. Həmin xətlərdə təmir işləri tam başa çatıb. Qüsurlu izolyatorlar dəyişdirilib, xətlərin keçdiyi trassalar yaşıl kütlədən təmizlənib. Qeyd edək ki, 110 kilovoltluq "Yeni Beyləqan" yarımstansiyasında cari təmir işləri aparılıb. 10 kilovoltluq tərəfdə yağ açarları daha müasir açarlarla əvəz olunub. Eyni gərginlikli "Beyləqan" yarımstansiyasında isə 25 MVA-lıq transformator əsaslı təmir edilib. O cümlədən "Daşburun" yarımstansiyasında nəzərdə tutulan cari və əsaslı təmir işləri də başa çatdırılıb. "Kəbirli" yarımstansiyasında vakuum tipli açarlar quraşdırılmaqla dayanıqlıq artırılıb. "Sarısu" yarımstansiyasında yağ açarlarında əsaslı təmir aparılmaqla saz vəziyyətə gətirilib.
Onu da qeyd edək ki, şəbəkənin balansında olan 7 ədəd 35 kV-lik yarımstansiyalarda da qrafik üzrə nəzərdə tutulmuş işlər əsasən icra olunub. Bundan əlavə, 10-0,4 kV-lik xətlərdə və transformator məntəqələrində də nəzərdə tutulan tədbirlər yerinə yetirilib. Görülən işlərin nəticəsi olaraq elektrik enerjisinin tələbatçılara ötürülməsində heç bir çətinlik yoxdur.
Mənbədən əldə etdiyimiz digər bir məlumatda o da bildirilir ki, rayon üzrə sayğaclaşdırma işləri tam başa çatıb. Hazırda 1200 məcburi köçkünün sayğacla təmin olunması istiqamətində iş aparılır. Gələn ildən isə əhalinin sıx yaşadığı rayon mərkəzində smart-kart tipli sayğacların quraşdırılması nəzərdə tutulub.
Perspektivdə nəzərdə tutulan digər işlərə gəldikdə isə 35 kV-lik "Xalac" elektrik verilişi xəttinin yenidən qurulması nəzərdə tutulub.
Sonda onu da qeyd edək ki, rayonda təxminən 900-dən çox transformator məntəqəsi istismar olunur.