TEXNİKİ QULLUQ VAXTINDA GÖSTƏRİLİR

Image

Dövlət Başçısının diqqət və qayğısı sayəsində  ən müasir texnologiyaların tətbiqi ilə tikilərək istifadəyə verilmiş generasiya mənbələrindən biri olan “Şahdağ” elektrik stansiyasından “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə,  aqreqatlara nəzərdə tutulmuş bütün texniki xidmətlər qrafikə uyğun olaraq vaxtında göstərilmiş və bunun nəticəsində plansız boş dayanmalara yol verilməmişdir. Məhz bunun  nəticəsidir ki, ötən illərdə olduğu kimi, cari ilin ötən 10 ayında da elektrik enerjisi istehsalında problem yaranmamışdır. Hazırda stansiya dispetçer qrafikinə uyğun fəaliyyət göstərir.

Mənbənin bildirdiyinə görə, stansiyada cari ilin 10 ayı ərzində 230 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib. Məlumat üçün bildirək ki, göstərilən müddət ərzində enerji obyektində proqnozlaşdırıldığından təxminən  5,1 milyon kilovatssatdan atrıq elektrik enerjisi istehsalına nail olunub.

Cari ilin oktyabr ayında isə burada 25,8 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib ki, bu da proqnozlaşdırıldığından 360 min kilovatsaat çoxdur.

Qeyd edək ki, tələbatçıların keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi  məqsədilə  aqreqatlarda aparılan texniki xidmət işləri stansiyanın təmir briqadası tərəfindən aparılır.

Mənbədən əldə etdiyimiz  məlumata istinadən bildirək ki, cari ilin son 3 ayı ərzində generatorlarda və 3 saylı 40 mVA-lıq güc transformatoru və onun köməkçi avadanlıqları cari təmir edilmiş, idarəetmə hava kompressorunda texniki qulluq işləri həyata keçirilmişdir.

Yeri gəlmişkən,  yanğın təhlükəsizliyi məsələsi də daima diqqət mərkəzində saxlanılır. Belə ki, yanğınsöndürmə vasitələrinə, yanğına qarşı su təchizatına növbədənkənar baxış keçirilmişdir.

Xatırladaq ki, hər birinin gücü 8,7 MVt olan 12 ədəd porşen tipli aqreqatdan ibarət olan bu elektrik stansiyası 2009-cu ilin sentyabr ayında istifadəyə verilmişdir. İstehsal olunan elektrik enerjisinin enerjisistemə ötürülməsi üçün 110 kilovoltluq II Quba hava xəttinin stansiyaya giriş-çıxışının  təmin edilməsi məqsədilə 2 kilometr uzunluğunda yeni xətt çəkilmişdir.