GÖRÜLMÜŞ TƏDBİRLƏR NƏTİCƏ VERİR
İstehlakçıların keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, gələcəkdə yarana biləcək problemlərin qarşısının alınması məqsədilə transformator məntəqələrində, elektrik veriliş xətlərində əsaslı və cari təmir işləri yerinə yetirilir. Bu da öz növbəsində sayğac sxemlərinə müdaxilə hallarının qarşısının alınmasında əhəmiyyətli rol oynayır. Ümumiyyətlə, itkilərin azaldılması qarşıda duran ən mühüm vəzifələrdən biridir. Bu istiqamətdə müntəzəm olaraq müvafiq tədbirlər davam etdirilir.
“Şəki Regional Elektrik Şəbəkəsi”ndən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin oktyabr ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 130-a yaxın istehlakçının (bunun 114 ədədi məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilərək müvafiq qaydada aktlar tərtib edilmişdir. Belə ki, “Zaqatala” EŞ-də 41, “Şəki” EŞ-də 22, “Balakən” EŞ-də 12, “Oğuz” EŞ-də 7 analoji fakt qeydə alınmışdır. Ən çox qayda pozuntusu “Qəbələ” EŞ-in, ən azı isə “İsmayıllı” EŞ-in xidməti ərazisindəki istehlakçıların sayğac uçot komplektlərində qeydə alınmışdır. Daha doğrusu bu müəssisələrdə qayda pozuntuları müvafiq olaraq 43 və 3 fakt olmuşdur. Tərtib edilmiş aktlar üzrə müvafiq qaydada hesabat aparılaraq 357,4 min kilovatsaata yaxın (bunun 204,2 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 22,3 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 29 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir.
Qeyd edək ki, cari ilin oktyabr ayında qayda pozuntularına görə ödənişdə ən yüksək göstərici “Oğuz” EŞ-də olmuşdur ki, burada sözügedən dövrdə yazılmış aktlara görə bərpa edilmiş itirilmiş elektrik enerjisinin istehlak dəyəri ilə yanaşı, ötən aylara görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilmişdir. Ən aşağı göstərici “Şəki” isə EŞ-də qeydə alınmışdır. Belə ki, bu müəssisədə sözügedən təyinat üzrə ödəniş 6 faiz olmuşdur.
Yeri gəlmişkən, ümumiyyətlə cari ilin 10 ayı ərzində burada 2569 qayda pozuntusu (bunun 2136 ədədi məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) faktı aşkar edilərək 7 milyon 363,5 min kilovatsaata yaxın (bunun 4 milyon 14,3 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 451,3 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Sözügedən dövr ərzində ən çox qayda pozuntusu “Zaqatala” EŞ-də (740 fakt), ən az isə “Oğuz” və “Qax” EŞ-lərdə (hər birində 97 fakt) qeydə alınmışdır. Həyata keçirilmiş müvafiq tədbirlər nəticəsində bu məbləğin 36 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər görülür.