MÖVCUD QAYDALARI POZANLARA QARŞI TƏDBİRLƏRİ GÖRÜLÜR
Payız-qış mövsümünə hazırlıq çərçivəsində “Ağcabədi Elektrik Şəbəkəsi”ndə bir sıra mühüm işlər həyata keçirilib.
Sözügedən şəbəkədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, "Ağcabədi" yarımstansiyasında 25 MVA gücündə transformator 63 MVA-lıqla əvəz olunub. Həmin obyektdə istismar olunan 40 MVA-lıq transformator da təmirə çıxarılıb və onun da saz vəziyyətə gətirilərək yaxın zamanlarda işə buraxılması nəzərdə tutulur. Eyni zamanda cari ilin sonuna kimi 35 kilovoltluq "Ağcabədi-2" yarımstansiyasındakı iki transformatordan biri - 6,3 MVA-lıq 10 MVA-lıqla əvəz ediləcək. Bundan başqa, eyni gərginlikli "Qış yatağı" yarımstansiyasındakı transformatorlardan da biri daha güclüsü ilə əvəz olunacaq. Bu istiqamətdə də əməli tədbirlər həyata keçirilir.
Qeyd edək ki, payız-qış mövsümünə hazırlıq tədbirləri çərçivəsində 35 və 10 kV-lik xətlərin altındakı yaşıl kütlələr təmizlənib. Bu da baş verə biləcək qəza hallarının və qısaqapanmaların qarşısının alınması baxımından da mühüm əhəmiyyətə malikdir. Həmçinin, şəbəkənin balansında olan təxminən 1752 ədəd transformatordan 50 ədədə yaxını təmir edilərək yenidən istismar olunmaq üçün əraziyə gətirilib.
Onu da qeyd edək ki, 110 kilovoltluq "Ağcabədi" yarımstansiyasındakı 110 kV-lik yağ açarının müasir tipli eleqaz açarı ilə dəyişdirilməsi nəzərdə tutulur.
Yeri gəlmişkən, şəbəkə kollektivinin qarşısında dayanan mühüm problemlərdən biri də ərazidə məskunlaşmış məcburi köçkünlərin yaşadıqları evlərin sayğaclaşdırılması idi. Artıq həmin məsələ də öz müsbət həllini tapıb.
Mənbədən onu da bildirdilər ki, şəbəkənin tamamilə yeniləşdirilməsi istiqamətində də məqsədyönlü tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bu məqsədlə əvvəlcə Ağcabədi rayonunun mərkəzində və 7 kənddə SİP kabelin çəkilməsi və smart-kart tipli sayğacın quraşdırılması nəzərdə tutulur.
Mənbə sonda onu da bildirdi ki, rayonda elektrik enerjisindən qeyri-qanuni istifadə edən abonentlərə qarşı sərt tədbirlər görülür. Təbliğat işinin normal səviyyədə qurulmasına da ciddi diqqət yetirilir. Görülən tədbirlər elektrik enerjisindən daha çox istifadə olunduğu qış aylarında qeyri-qanuni müdaxilələrin qarşısının alınmasına təsirsiz ötüşməyəcək. Bu da öz növbəsində sərfiyyatın müəyyən qədər azalmasına səbəb ola bilər. Nəticədə istismar zamanı istifadə olunan avadanlıqlarda baş verə biləcək qəza halları minimum səviyyəyə enəcəkdir.