MÖVSÜMİ TƏMİR İŞLƏRİ DAVAM ETDİRİLİR
Digər enerji obyektlərində olduğu kimi “Şirvan”, “Astara” və “Yardımlı” elektrik şəbəkələrinin (EŞ) xidməti ərazilərində də istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi məqsədlə transformator məntəqələrində (TM), ötürücü və paylayıcı şəbəkələrdə yenidənqurma işləri, eləcə də əsaslı və cari təmir işləri yerinə yetirilir.
Şirvan EŞ-dən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, müəssisənin balans mənsubiyyətinə aid şəbəkələrdə həyata keçirilmiş yenidənqurma tədbirləri çərçivəsində ümumi uzunluğu 1,6 kilometrə yaxın olan 10 və 6 kV-lik EVX çəkilmiş və eyni gərginlikli xətlərin 4,4 kilometri isə əsaslı təmir edilmişdir. Eyni zamanda uzunluğu 18 kilometrə yaxın 0,4 kV-luq xətt SİP tipli kabellə əvəz edilmişdir.
Qeyd edək ki, yenidənqurma tədbirləri ilə əlaqədar “smart” tipli kart sayğacların quraşdırılması üçün sayğacların girişinə 6 kilometrə yaxın uzunluğunda koaksial kabel çəkilişi həyata keçirilmiş, 21 ədəd transformator məntəqəsində müxtəlif təyinatlı təmir işləri aparılmışdır. Eyni zamanda ümumi gücü 3,8 MVA-dan artıq olan 7 ədəd transformator əsaslı təmir edilmişdir.
Astara EŞ-dən əldə edilən məlumata görə, müəssisənin xidməti ərazisində isə 204 ədəd transformator məntəqəsində təmir işləri aparılmış, ümumi gücü 0,9 MVA-ya yaxın olan 8 ədəd transformatorda əsaslı təmir işləri aparılaraq tam istismara yararlı vəziyyətə gətirilmişdir. Onu da qeyd edək ki, təmir işləri EVX-lərdən də yan keçməmişdir. Belə ki, təmir kampaniyası çərçıvəsində 10 kV-lik EVX-də 90 kilometrdən artıq hissədə və 0,4 kV-luq EVX-də 15 kilometrə yaxın hissədə müxtəlif təyinatlı təmir işləri aparılmışdır.
Yardımlı EŞ-in xidməti ərazisində isə elektrik enerjisi ilə təminatda dayanıqlığın daha da möhkəmləndirilməsi məqsədi ilə ümumi gücü 2 MVA-dan artıq olan 23 ədəd transformator məntəqəsində müxtəlif təyinatlı təmir işləri aparılmışdır. Bununla bərabər 21 ədəd transformator da əsaslı təmir edilmişdir. Yeri gəlmişkən, Yardımlı rayonu ərazisində 10 kV-lik EVX-də 19 kilometrdən artıq hissədə, 0,4 kV-lik EVX-də 15 kilometrdən çox hissədə əsaslı və cari təmir işləri aparılmışdır.