SƏMƏRƏLİLİK DAHA DA ARTIRILIR
İstehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi məqsədilə yarımstansiyalarda, ötürücü qurğularda əsaslı və cari təmir işlərinin yerinə yetirilməsi və beləliklə də, itkilərin azaldılması energetiklərin ən mühüm vəzifələrindən biridir. Digər enerji obyektlərində olduğu kimi, “Mingəçevir Regional Elektrik Şəbəkəsi”nin (REŞ) də xidməti ərazilərində bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilir. “Mingəçevir”, “Ağdam” və “Ağsu” elektrik şəbəkələri bu qəbildən olan enerji təssərrüfatlarındandır.
Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, “Mingəçevir” EŞ üzrə dayanıqlığın daha da artırmaq, uçota nəzarəti gücləndirmək məqsədilə bir sıra müxtəlif təyinatlı təmir-bərpa işləri yerinə yetirilib. Belə ki, 110 kilovoltluq “Şəhər” yarımstansiyasından qidalanan bir neçə hava xəttində cərəyan və gərginlik transformatorları, eyni zamanda hesabat sayğacları quraşdırılmış, 4,4 kilometr uzunluğunda EVX təmir edilmiş, 35 kV-lik “Karxana – 601” yarımstansiyasından çıxan 6 kV-lik 12 və 18 saylı HX-lərinin əlaqələndirilməsi üçün 200 metr uzunluğunda EVX çəkilmiş və bir neçə dayaq quraşdırılmışdır. Analoji yenidənqurma və müxtəlif təyinatlı təmir işləri 0,4 kV-lik elektrik verilişi xətlərində və transformator məntəqələrində də aparılıb. Ümumilikdə, 5,5 kilometr xətt təmir edilmişdir.
Qeyd edək ki, avtomobil məktəbində yerləşən məcburi köçkünlərin də enerji təchizatı diqqət mərkəzində olmuşdur. Belə ki, burada daha effektiv enerji təminatı yaratmaq məqsədilə SİP kabel xətləri çəkilmişdir. Bundan başqa, şəhərin A.Məmmədov küçəsi 7a, Nizami küçəsi 2 saylı binalara gedən 0,4 kV-lik, Sabir küçəsi 3 və 6 saylı binalara gedən 0,4 kV-lik naqillər yeni SİP kabelləri ilə əvəz edilmişdir.
Qeyd edək ki, ümumilikdə 44 ədəd transformator məntəqəsində əsaslı və cari təmir işləri aparılıb. Səmərəliliyin daha da artırılması məqsədilə EŞ üzrə müxtəlif sayda 1 və 3 fazalı smart kart sayğacları quraşdırılmışdır.
“Mingəçevir REŞ”in xidməti dairəsinə məxsus olan “Ağdam” və “Ağsu” elektrik şəbəkələrində də analoji tədbirlər uğurla icra edilmişdir.
Məsələn, “Ağdam” EŞ üzrə 10 kV-lik “Kanal” hava elektrik verilişi xətti üzrə və 35/10 kV-lik “Qərvənd”, eynigərginlikli “Qaradağlı” yarımstansiyaları üzrə naqillərin və ağac dayaqların dəyişdirilməsini bu tədbirlər sırasına daxil etmək olar.
Müvafiq tədbirlər Xındırıstan, Qaradağlı, Quzanlı və Alıbəyli kəndlərini qidalandıran 0,4 EVX-lərdə və transformator məntəqələrində (TM) də aparılmışdır. Ümumilikdə, 600 metrdən artıq naqıl, 10-dan çox dayaq dəyişdirilmiş, 54 ədəd TM-də müxtəlif təyinatlı təmir işləri görülmüş və 5 ədəd zədələnmiş transformator təmir edilərək şəbəkəyə qoşulmuşdur. Onu da qeyd edək ki, “Ağdam” EŞ üzrə quraşdırılımış yeni sayğacların sayı 428-i ötüb. Dəyişdirlmiş sayğacların sayı isə 1470 ədədə yaxındır.
Ağsu şəhərinin enerji təminatında xüsusi rol oynayan eyni adlı elektrik şəbəkəsində də bir sıra sistem əhəmiyyətli təmir-bərpa işləri aparılıb. Enerji obyektindən bildirilir ki, 110/35/10 kV-lik “Ağsu” yarımstansiyasından çıxan “Cəfərli”, “Qaravəlli”, “İlxıçı”, “Ləngəbiz” və “Ərəbmehdibəyli” hava elektrik verilişi xətlərində də uğurlu yenidənqurma işləri aparılmış, enerji ötürücülərin dayanıqlığı daha da artırılımışdır . O cümlədən, 22 ədəd dayaq və 3,8 kilometrə yaxın naqil dəyişdirilmişdir.
Onu da qeyd edək ki, rayonda baş vermiş təbii fəlakət zamanı zədələnmiş naqil və dayaqlar da dəyişdirilmişdir. Sadalanan tədbirlərlə yanaşı, sayğacların həyətlərdən küçələrə çıxarılaraq quraşdırılması və yeni sayğacların quraşdırılması işləri də davam etdirilmişdir. Ümumilikdə, 0,4 kV-lik şəbəkələrdə isə 7,1 kilometr xəttdə yenidənqurma və təmir işləri aparılmış, 22 ədəd dayaq dəyişdirilmiş, 56 ədəd TM-də müxtəlif təyinatlı təmir işləri görülmüş və 17 ədəd zədələnmiş transformator təmir edilərək şəbəkəyə qoşulmuşdur.