SUYU NURA ÇEVİRƏNLƏR...

Image

Alternativ və bərpa olunan enerji mənbələrindən məqsədyönlü şəkildə istifadə edilməsi bu gün prioritet istiqamətlərdən birinə çevrilib.  Belə mənbələrdən biri də ölkə ərazisində olan çoxsaylı dağ çaylarının üzərində  kiçik su elektrik stansiyalarının (KSES) tikilməsidir. Artıq bu istiqamətdə əməli addımlar atılır.

Belə kiçik su elektrik stansiyalarından biri də Quba-Xaçmaz iqtisadi rayonunda, Qusar rayonu ərazisindəki Cağar-Cibir kanalından qidalanan Qusar qolu kanalı üzərində inşa olunan "Qusar-1" KSES-dir. Hazırda həmin obyektin tikintisi Qusar rayonunun Urva kəndi yaxınlığında,  dəniz səviyyəsindən təxminən 1020 metr yüksəklikdə yerləşən bir ərazidə  aparılır.

“Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, burada tikinti işlərinə aşağıdakılar aiddir: KSES-in maşın zalının yerləşəcəyi bina, ora daxil olan basqı su boru xəttinin tikintisi, sugötürən və suaparıcı kanallar. Stansiyada 3 ədəd  horizontal tipli hidroaqreqat quraşdırılacaq ki, onların da hər birinin gücü 0,35 meqavat təşkil edəcək. Beləliklə də, ümumi güc təxminən 1 MVT olacaq.

Mənbə onu da bildirdi ki, stansiyanın su təminatı Qusar qolu kanalı vasitəsilə həyata keçiriləcək. Kanaldan götürülən su maşın zalına veriləcək və burada quraşdırılmış generatorlar vasitəsilə elektrik enerjisinin alınması mümkünləşəcək. Elektrik enerjisinin alınması üçün su axınının sürəti saniyədə 3,5 kubmetr təşkil etməlidir.

Qeyd edək ki, stansiyada istifadə olunması lazım olan bütün zəruri avadanlıqlar əraziyə gətirilib. Tikinti meydançası üzrə nəzərdə tutulan işlər yekunlaşdırıldıqdan sonra avadanlıqların quraşdırılmasına başlanacaq.

Stansiya istifadəyə verildikdən sonra burada istehsal olunacaq ekoloji cəhətdən təmiz elektrik enerjisi yaxınlıqda yerləşən 10 kilovoltluq yarımstansiya vasitəsilə elektrik enerjisi sisteminə birləşəcək və bu sistemlə paralel işləyəcək. Bu xətlə Urva kəndi və yaxınlıqdakı bir sıra yaşayış məntəqələrinin 10 kV-lik ötürmə xətti üzrə elektrik enerjisi təminatı həyata keçiriləcək.

Xatırladaq ki, ilkin hesablamalara görə, respublika ərazisində bütün çayların nəzəri hidroenerji potensialı 40 milyard kVtsaat, o cümlədən texniki baxımdan istifadə edilməsi mümkün olan isə 16 milyard kVtsaat qiymətləndirilir.