YARIMSTANSİYALAR YENİLƏŞDİRİLİR, XƏTLƏRİN DAYANIQLIĞI ARTIRILIR
Bakı şəhəri, Bakıətrafı kəndlər və ümumilikdə Abşeron yarımadasının elektrik enerjisi təchizatının həyata keçirilməsində “Abşeron Regional Elektrik Şəbəkəsi”nin (REŞ) özünəməxsus yeri və rolu var.
Sözügedən REŞ-dən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, "Qala" və "Hövsan" yarımstansiyaları arasında 2 ədəd 110 kV-lik iki dövrəli 3-cü və 4-cü "Qala" xətləri çəkilib. Bu tədbirin yüksək səviyyədə icra olunaraq vaxtında başa çatdırılması dayanıqlığın daha da artırılmasına müsbət təsir göstərəcək. 1-ci və 2-ci "Qala" xətlərində yenidənqurma tədbirləri görülüb, 1-ci, 2-ci "Zığ" xəttindəki dayaqlar daha keyfiyyətliləri ilə əvəz olunub. Bütün bunlarla yanaşı, 1-ci və 2-ci "Şirvan", həmçinin "Səngəçal" xətlərində böyük əhəmiyyət kəsb edən işlər həyata keçirilib. O cümlədən, əlavə aralıq dayaqlar basdırılıb.
Yeri gəlmişkən, hazırda 1-ci və 2-ci "Mingəçevir" xətlərinin çəkilişi həyata keçirilir, yeni dayaqlar quraşdırılır. Bütün bunlarla yanaşı cari ildə şəbəkənin dayanıqlığının daha da artırılması məqsədilə 101 dəst eleqaz açarı alınıb və onların quraşdırılması həyata keçirilib. Hazırda yalnız “Bakı Yüksək Gərginlikli Elektrik Şəbəkəsi”nin xidməti ərazisi üzrə "Səngəçal" yarımstansiyasında və 205 saylı yarımstansiyada 2 ədəd eleqaz açarının quraşdırılması işləri qalıb. İlin sonuna kimi Bakı sahəsi üzrə müvafiq istiqamətdə başlanan işlərin yekunlaşdırılması nəzərdə tutulur.
Qeyd edək ki, 500 kV-lik "Abşeron" yarımstansiyası ilə 220 kV-lik "Xırdalan" yarımstansiyaları arasında olan 220 kilovoltluq 3-cü və 4-cü "Abşeron" hava xətləri bütünlüklə yenilənib. Həmçinin 500 kV-lik "Abşeron" yarımstansiyasında yaxın zamanlarda quraşdırılması nəzərdə tutulan 400 MVA gücündə 3-cü avtotransformator əraziyə gətirilib. Eyni zamanda 220 kV-lik “Müşfiq” yarımstansiyasında gücü 250 MVA olan 3 saylı avtoransformatorun quraşdırılması ilə əlaqədar olaraq yenidənqurma işləri davam etdirilir. 110 kV-lik “Qala” yarımstansiyasında isə 1 saylı 40 MVA transformator daha güclü transformatorla əvəz edilmiş və yanğınsöndürmə qurğusu quraşdırılaraq işlək vəziyyətə gətirilmişdir. 35/6 kV-lik qapalı paylayıcı quruluşda (QPQ) isə təmir-tikinti işləri davam etdirilir.
Mənbədən əldə etdiyimiz digər bir məlumatda o da bildirilir ki, son dövrlər yenidənqurma tədbirlərinin görülməsi üçün böyük həcmdə avadanlıqlar alınıb gətirilir. Artıq 220 kV-lik "Zabrat" yarımstansiyası üçün hər birinin gücü 180 MVA olan 2 ədəd transformator alınıb. Həmçinin burada 10 kV-lik QPQ-də yenidənqurma işləri davam etdirilir. 220 kV-lik "Böyük şor" yarımstansiyasının tikinti meydançası üzrə hazırlıq tədbirləri də başa çatıb. Artıq orada istismar ediləcək avadanlıqların gətirilməsi prosesi davam edir. Ümumilikdə isə bu yarımstansiyada hər birinin gücü 250 MVA olan 3 transformator quraşdırılacaq. Hazırda transformatorlardan 2 ədədi ərazidədir. "Xırdalan" yarımstansiyasında yenidənqurma işləri ilə əlaqədar olaraq 110 kV-lik açıq paylayıcı quruluşda eynigərginlikli 43 ədəd ayrıcı yenisi ilə əvəz edilmişdir. Eyni zamanda burada bir ədəd 250 MVA-lıq transformatorun quraşdırılması nəzərdə tutulur. Artıq prosesə start verilib və təxminən yaxın bir ay ərzində iş yekunlaşdırılmalı və transformatora gərginlik verilməlidir. Eyni zamanda, buradakı 110 kV-lik ayırıcıların da hamısının dəyişdirilərək daha keyfiyyətliləri ilə əvəzlənməsi prosesi başa çatdırılıb. Sistemşində olan izolyatorlar da keyfiyyətli şüşə izolyatorlarla əvəzlənib. 1 saylı avtotransformatorda isə yangınsöndürmə qurğusunun quraşdırılması işləri davam etdirilir.
Sonda onu da qeyd edək ki, REŞ-in xidməti ərazisində olan 110 kV-lik 227 saylı yeraltı yarımstansiyada son sınaq sazlama işləri aparılıb.