DAYANIQLIQ DAHA DA MÖHKƏMLƏNDİRİLİR
Hazırda bütün elektrik stansiyalarında, yarımstansiyalarda və elektrik ötürücü xətlərdə payız-qış mövsümünə hazırlıqla bağlı tədbirlər planına uyğun təmir işləri davam etdirilir.
“Qusar”, “Xaçmaz”, “Quba”, “Siyəzən” və “Şabran” elektrik şəbəkələrini (EŞ) əlaqələndirən “Xaçmaz Regional Elektrik Şəbəkəsi”nin də (REŞ) balans mənsubiyyətinə aid olan enerji obyektlərində də son aylarda xeyli sistem əhəmiyyətli tədbirlər həyata keçirilmiş və bu istiqamətdə işlər davam etdirilir. Bu da elektrik enerjisinə olan tələbatın daha da dayanıqlı və keyfiyyətli şəkildə paylanmasına, elektrik verilişi xətlərində texnoloji itkilərin azaldılmasına xidmət edir.
“Azərenerji” ASC-nin Mətbuat xidmətinə Qusar Elektrik Şəbəkəsindən (EŞ) daxil olan məlumata görə, müəssisənin balans mənsubiyyətinə aid olan 10 və 6 kV-lik hava elektrik verilişi xətlərində (HEVX) həyata keçirilmiş yenidənqurma və təmir işləri ilə əlaqədar 110 ədəd dayaq yenisi ilə əvəz edilmiş, 45 ədədinə isə artırma əlavə edilmişdir. Eyni zamanda 7,5 kilometr naqil və 650 ədəd izolyator yenisi ilə əvəz edilmişdir. Bütün bunlarla yanaşı, sözügedən gərginlikli HEVX-də 370 ədəd dayaq təmir edilmişdir.
110 kV-lik “Xudat” yarımstansiyasında 10 MVA transformatorun təmirə çıxarılması ilə əlaqədar yükün bərabər paylanması və avadanlıqların ifrat yüklənməsinin qarşısının alınması məqsədilə 1 saylı 6,3 MVA-lıq transformator 16 MVA-lıqla əvəz olunmuşdur. 110 kV-lik “Xaçmaz” yarımstansiyasında da müxtəlif təyinatlı təmir işləri aparılmışdır.
Qeyd edək ki, təmir işləri transformator və komplekt transformator məntəqələrindən (TM və KTM) də yan keçməmişdir. Belə ki, 10 kV-lik “Şəhər” HX-dən çıxan 0,4 kV-lik iki xətdə ümumilikdə 44 dayaq quraşdırılmışdır. Eyni zamanda şəbəkənin balansında olan 205 ədəd KTM-in güc transformatorlarına, 110 və 35 kV-lik yarımstansiyalarda çıxış fiderlərinin yağ açarlarına xeyli miqdarda yağ əlavə edilmiş, 70-dən artıq açar təmir olunmuşdur.
Onu da qeyd etmək yerinə düşərdi ki, qış mövsümündə dayanıqlığın daha da artırılması məqsədilə Qayakənd kəndində bir ədəd KTM quraşdırılmış, 124 ədəd KTM təmir olunmuş, ümumi gücü 1,1 MVA olan 7 ədəd transformator əsaslı təmir edilmişdir. Bundan başqa, 10, 6 və 0,4 KV-lik HX-lərinin ümumilikdə 380 kilometrdən artıq hissəsində cari təmir işləri də həyata keçirilmişdir.
Yeri gəlmişkən, rayonların enerji təchizatının daha dayanıqlı təmin edilməsi istiqamətində görülən işlər davam etdirilir. Hazırki iqlim şəraitini nəzərə alaraq və yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə yarımstansiyaların ərazisi quru otlardan təmizlənir, yağ tutumlu avadanlıqlarda yağın səviyyəsi, girimlərdə təzyiqlərin norma həddində saxlanması təmin edilir. Eyni zamanda TM və KTM-lərin ərazisi də quru otlardan təmizlənmiş, yanğınsöndürmə postları yoxlanılmış və komplektləşdirilmişdir. Eyni zamanda yağ tutumlu avadanlıqların alt hissəsindəki yağ çınqıllar yeni təmiz çınqıllarla əvəz edilmişdir.