SON NƏTİCƏNİN UĞURU ÜÇÜN
"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası ilə əlaqədar Tərtər rayonunda da xeyli işlər həyata keçirilib. Rayonun elektrik enerjisi təchizatı sisteminin təkmilləşdirilməsi məqsədilə bir sıra tədbirlər görülüb.
“Tərtər Elektrik Şəbəkəsi”ndən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, ötən illərdə olduğu kimi, cari ildə də rayonun enerji təsərrüfatında diqqətəlayiq işlər yerinə yetirilib. 9 min əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən "Ələsgərli-Mamırlı-Poladlı" avtomobil yolunun tikintisi zamanı yol çəkilişinə mane olan 75 ədəd ağac dirək beton dirəklə əvəz olunub, 1200 metr çılpaq naqil izolyasiyalı SİP kabellə əvəz edilib, 4 ədəd transformator yoldan kənara çəkilib, 30 ədəd işıqlandırma dirəyi quraşdırılıb.
Qeyd edək ki, Düyərli-Ələsgərli yolunun kənarında da 41 ədəd işıqlandırma dirəyi basdırılıb və enerji ilə təmin edilib. Tərtər şəhəri ərazisində bir neçə küçədə isə 200-dən artıq müasir işıqlandırma dirəyi basdırılıb, 8 kilometr elektrik xətti çəkilib.
Yeri gəlmişkən, 20 ədəd transformator təmirdən sonra istehlakçıların istifadəsinə verilib. 428 məcburi köçkün, 125 yerli əhali qrupuna aid istehlakçıya sayğac quraşdırılıb. Abonentlərin müxtəlif səpkili müraciətləri müsbət həll olunub. Enerji verilişinin daha da yaxşılaşdırılması məqsədilə rayona 25 MVA gücündə bir ədəd yeni yüksək gərginlikli transformator gətirilib.
Sonda onu da qeyd edək ki, Tərtərin enerji təchizatçıları qarşıdakı qış aylarında da istehlakçıların elektrik enerjisi ilə dayanıqlı təmin olunması üçün bütün qüvvə və imkanlarını səfərbər ediblər.